a
Hava:
16 C
clear sky
Baku
humidity: 88%
wind: 5 m/s SE
H16 • L16
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıÜrək dustaq oldu dərdə, fərağa”-deyən Həkimə Billuri

Ürək dustaq oldu dərdə, fərağa”-deyən Həkimə Billuri

“Ürək dustaq oldu dərdə, fərağa”-deyən Həkimə Billuri

Mən də bir şairəm, sinəsi dağlı,
Ayrılıq nəfəsli hicran soraqlı.
Vətənin qapısı üzümə bağlı,
Hər axşam bu dərddən alışır sinəm,
Vətən həsrətliyəm, el həsrətliyəm.
Həkimə Billuri

Bu fikir ömrünün son anına kimi Həkimə xanımın dilindən düşməzdi. Ovqatının ən xoşbəxt cağında da
yurd həsrəti ona qənim kəsilərdi. Göz ifadəsi dəyişərdi. Sevinci çöhrəsində, təbəssümü dodağında donardı.
Əlini hərarətlə, həyacanla döyünən ürəyinin üstünə qoyardı. Nə faydası, təskinlik tapa bilməzdi. Varlığı
gizildəyərdi. Elə bil dilinin üstünə od qoyardılar, danışmağa taqəti olmazdı. Qalardı yana-yana, qırvrıla-
qıvrıla. Ən gərgin anlarında gücü gələcək ümidinə, inamına çatardı. Amma…onları da özü ilə haqq
dünyasına apardı.

Həkimə İbrahim qızı 90 il əvvəl Cənubi Azərbaycanın Zıncan şəhərində dünyaya göz açmışdı. Bütün
uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun
düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam
formalaşmamışdı. 10-15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları,
qardaşları Araz çayının o biri səmtinə can atır, cənubdan Şimala baş götürüb gedirlər.

Həkimə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin.
O bu təklifdən fərəhləndi. İlk gündən ona göstərilən etimadı doğrultmağa çalışdı. Lakin duyub, anlayıb
görəndə ki, qohum-əqrabaları pərən-pərən düşüb, bəlkə də özündən asılı olmayaraq gileyləndi: “Dağlar, ox
olub gözümə batırsan. Araz, mənim qanım kimi niyə bulanıq axırsan? Üzün dönsün, ay xan Araz, niyə
qardaşı qardaşdan ayırırsan?”

Gənc Həkimə sevincini, kədər və intizarını poetik formada bildirməyi bacarırdı. Düzdür, o, hələ gələcək
qismətini, necə həyat tərzi yaşayacağını bilmirdi. Yalnız xəyalında bu hisslər dolaşırdı: “Zaman, dövran ən
ədalətli hökmdar, adil hakimdir. Bu, mütləq qanunlar qarşısında niyə haqsızlıq qalib gəlir?” Nəhayət,
Həkimə də Arazın bəri səmtinə təşrif gətirdi. 20 yaşında qız üçün bu, ola bilsin, arzuolunmaz səfər idi.
Ancaq o gəlməliydi, başqa əlacı yox idi. Çəkişmələrdən, didişmələrdən can qurtarmalıydı. Qəlbinin
kövrəkliyi az keçmiş dil açıb danışdı:

Kaş Təbriz olaydı, bir də o günlər,
Qalib gəldiyimiz o aydın səhər,
Azadlıq olaydı, bir də ki zəfər,
Qəlblərdə min ümid yandıran atəş
Üfiqdən bayraq tək enəydi Günəş…

Şairə ilk şeirlərini hələ orta məktəbdə oxuyarkən fars və Azərbaycan dillərində yazmışdır. Onun Azərbaycan
dilində qələmə aldığı ilk şeirləri və məqalələri 1945-ci ildə İranda “Azər”, “Vətən yolunda” qəzetlərində və
“Azərbaycan” jurnalında dərc olunmuşdur. O, Bakıya gəldikdən sonra bədii və elmi yaradıcılıqla fəal
məşğul olmuş, dövrü mətbuatda müntəzəm çıxış etmişdir. Onun “Şeirlər”, “Azadlıq baharı”, “İthaf”, “Sənin
könül otağın” və başqa kitabları Bakıda və Moskvada nəşr olunmuşdur. Həkimə xanımın şeirləri rus, ingilis,
gürcü, özbək, moldav dillərinə və digər dillərə tərcümə edilmişdir.
Həkimə xanım bədii tərcümə ilə də məşğul olmuşdur. O, Səməd Vurğunun, Cəfər Cabbarlının, Nəbi
Xəzrinin, Mirvarid Dilbazinin əsərlərini fars dilinə tərcümə etmişdir. Həkimə Billurinin elmi axtarışları İran

Azərbaycanı ədiblərinin yaradıcılığı ilə sıx bağlı olmuşdur. Onun Şəhriyara həsr etdiyi sanballı əsərləri
ədəbiyyatşünaslığımızda xüsusi yer tutmuşdur. Məhəmməd Hüseyn Şəhriyarın Həkimə Billuriyə həsr etdiyi
şeirlər Billuri yaradıcılığına verilən ən yüksək qiymətlərdən biridir.
Yurd həsrəti insanın dincliyini ərşə çəkir. Elə hey gözləri yolda, qulağı səsdə qalır. Doğrudur, gənc Həkimə
Azərbaycana gəlməyindən peşman deyildi. O, Səməd Vurğundan, Mirzə İbrahimovdan, Süleyman
Rüstəmdən daim qayğı görürdü. 1947-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul
olundu. Amma ürəyindən nisgil çəkilmədi. 1952-ci ildə Hökumə Bülluri Şərq dünyasının söz, sənət, poeziya
korifeylərindən olan Şəhriyara müraciətlə yazmışdı:

Qoy zaman dolansın, sənsə belə qal!
Şair dəyişməyə tapmasın macal.
Təbrizi, Zəncanı sən yadına sal,
Gəl opüm mübarək, odlu sətrini,
Səndən Təbrizimin alım ətrini…

Zəmanəsinin tanınmış ədəbiyyatşünas alimi, son dərəcə həsas, diqqətcil insan Əli Sultanlı Həkimə xanımla
universitetin auditoriyasında tanış olub, onun şeirlərindən məmnun qaldığını bildirib. “Qızım, sənin
yaradıcılığından zövq alıram. Getdiyin yol çətindir, amma şərəflidir. Sənə ürəyincə uğurlar arzulayıram”
deyib. Eyni zamanda Əli Sultanlı gənc şairənin ilk “Mənim arzum” və “Ölməz qəhrəman” kitabları
haqqında “Ədəbiyyat və incəsənət” qəzetində geniş məqalə də dərc etdirib.
Tələbəlik illərini uğurla başa vuran Həkimə Billuri “Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində işə qəbul
olundu. Yaradıcılığı məhsuldar oldu. “Şairin yadigarı”, “Məndən uzaqlarda” şeirlər toplusu işıq üzü gördü.

Çox keçmədi ictimai- siyasi fəaliyyətini nəzərə alıb onu Azərbaycan demokrat Partiyası Mərkəzi
Komitəsinin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə təyin etdilər. Təxminən dörd il
orada işlədi, ürəyindəki arzularını poetik misralarla, publisistik qeydlər vasitəsilə oxuculara çatdırdı. Lakin
poeziya onun varlığından, damarlarından, qanından süzülüb gəlirdi. İstəsə də, ondan ayrıla bilmirdi. Bəzən
düşünərdi: “Nə yaxşı əlim qələm tutur, könlümdən keçənləri yazıb azacıq da olsa, sakitləşə bilirəm. Yoxsa
ürəyim qüssədən çərləyərdi”.
Bütöv bir insan ömrünü həsrət yükü altında yaşamaqdan çətin nə var, görəsən dünyada?! İnsanın elə kövrək,
elə həzin anları olur ki, bu anda insan o ağırlıqdan sanki sına bilər, əyilə bilər. Bəlkə də insanı ağırlıqdan
xilas edən içində şam şöləsi kimi titrəyə-titrəyə nur saçan ümid, inam işığıdır. Allah heç kimi ümidsiz,
inamsız eləməsin.

Həkimə Billuri ilk növbədə Azərbaycanın ikiyə bölünməsi faciəsini şəxsi taleyində yaşayan, yarım əsr
doğulduğu yerləri, doğma ocağı görmək həsrəti ilə yanıb yaxılan, Təbrizi daim yuxularında görən, amma
yuxuları heç çin çıxmayan, son nəfəsində belə bu həsrətlə barışmayan bir Azərbaycan şairəsidir. Bəli,
Həkimə Billuri Güney daglarından bir udum hava, meşələrindən bir dənə yarpaq diləyən, vətənin suyundən
bir cam içmək, Arazın o tayına qədəm basmaq həsrəti ilə nəfəs alan, vətən həsrəti deyilən xəstəliyə mübtəla
olan faciəvi taleli Azərbaycan şairəsidir. Onun taleyi elə Azərbaycanın taleyinə bənzəyir.

Sinəmə ağır bir yükdü ayrılıq,
Belimi yay kimi bükdü ayrılq…
Həyat gözlərimdə sönmədən qabaq,
Sizdən bir diləyim olacaq ancaq.
Tufana, küləyə döndərin məni,
Göndərin vətənə göndərin məni!

Həkimə Billurinin şeirlərinin çox böyük bir hissəsi bu ağrının, bu böyük milli faciənin doğurduğu
yaşantılardır. Həqiqi şairlər yaşadıqlarını yazanlardır və Həkimə xanımın şəxsi ağrılarından doğulan şeirləri
oxucusunun da gözünə yaş, qəlbinə dərd qoyan şeirlərdir. Təsadüfi deyil ki, onun şeirlərində Təbriz, Araz,
ayrılıq, Vətən sözləri ən çox təkrarlanan və duyğularına, yaşantılarına həmişəlik hakim olan anlayışlardır.
Təbriz haqqında çox yazılıb- Təbriz həsrəti bizim Qarabağ dərdlərindən də qədim tarixi olan, yanğısı sinə
göynədən dərdimizdir. H.Büllurinin “Təbriz” şeiri o şeirlərin ən yaddaqalan, ən uğurlu nümunələrindəndir.
Qolların dolanar boynuna bir gün,
Yenə baş qoyaram dizinə,Təbriz.

Həsrətdən, hicrandan cana doymuşam,
Doyunca baxaram gözünə, Təbriz.
Bulanıq suların axsın, durulsun,
Təzə günlərindən büsat qurulsun.
Səhənd camalına bir də vurulsun,
Bir qubar qonmasın üzünə, Təbriz.

Həkimə Billuri yaradıcılıq aləminə əsrimizin 40-cı illərinin kükrəyib coşan xalq hərəkatının qüdrətli
dalğaları qanadlarında gəlmişdi. Həkimə xanımın keçdiyi yaradıcılıq yollarını nəzərdən keçirdikdə çox
uğurlu və mənalı bir mənzərənin şahidi oluruq. Onun yaşadığı ömür çoxçalarlı, dərəli- təpəli olmuşdur.
Digər qələm dostları kimi, keçdiyi yaradıcılıq yolu, qarşılaşdığı acılı-şirinli həyat həqiqətləri onun
əsərlərinin başlıca ilham və qida mənbəyini təşkil etmişdir.

Həkimə Billurinin ədəbi irsi zəngin və çoxşaxəlidir. Onun klassik üslubda yazdığı qəzəllər və bayatılarla
yanaşı, müasir həyatımızla bağlı olan əsərləri yüksək sənətkarlıq nümunələridir. Sənətkarın vətən həsrətli
şeirləri iki yerə bölünmüş ana torpağın dərdi ilə dolu idi. Dərin həyat fəlsəfəsi, vətənpərvərlik ruhu, yüksək
humanist ideyaları ilə səciyyələnən Billuri yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq
səhifələrindəndirHəkimə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu yaşantılar olub.
Çox haqsızlıqların, faciəvi hadisələrin iştirakçısı olmasına baxmayaraq yaradıcılığında sabaha ölməyən bir
ümid, inam hissi aparıcı xətt kimi keçir. “İnanıram o parlaq günə”, – deyən şairə Vətənin bütövləşəcəyinə və
xalqının öz azadlığına qovuşacağına böyük bir inam bəsləyib. Azərbaycan onun şeirlərində bütövdür, tamdır
və bölünməzdir. Vahid və azad Azərbaycan ideyası onun həyatının məzmununu və yaşamının qayəsini təşkil
edib.

Bəli, elə o tayda, bu tayda ömrü boyu məşəl yandıran Həkimə Billuri! O, əbədi ömür şəhadətnaməli
mübarizə və qələm dostu oldu… Əbədiyyət dünyasında ona Tanrıdan mərhəmət və rəhmət diləyirik.
Qeyd edək ki, keşməkeşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də ömrünün 75-ci ilində Bakıda
vəfat etmişdir.

Aynur Turan

Şərh yoxdur

şərhini yaz