a
Hava:
13 C
clear sky
Baku
humidity: 94%
wind: 4 m/s SSE
H13 • L13
HomeMünasibətlərQadın hüquqlarıSelektiv abortların günbəgün artması cəmiyyətimizdə olan qadın zorakılığının ən bariz nümunəsidir

Selektiv abortların günbəgün artması cəmiyyətimizdə olan qadın zorakılığının ən bariz nümunəsidir

Azərbaycanda qadınlara qarşı ayrıseçkilik uzun müddətdir ki, davam edir. Bunun bariz nümunələrindən biri qız uşaqlarının ana bətnində abortudur. Bu da ondan xəbər verir ki, bizim ölkəmizdə qız övladları arzu olunmur, cəmiyyət olaraq daha çox oğlan uşaqlarına üstünlük verilir. Bu da daha çox, qız övladlarının, ümumiyyətlə qadınlara olan münasibətdən irəli gəlir. Oğlan övladlarına nəsil davamçısı kimi baxılır, qız uşaqlarına isə daha çox yük kimi yanaşılır. Bu da özünü doğuşlarda da göstərir

Ənənəvi olaraq, mədəniyyətdə kişilərin ailənin maddi və mənəvi təminatında, ailə üzvlərinin fiziki-psixoloji qorunması istiqamətində xüsusi məsuliyyəti vardır. Ailədə oğlan uşaqları müəyyən yaşdan sonra atalarının bu yükünün bir qismini öz üzərlərinə götürürlər. Lakin, qızlar sərt patriarxal cəmiyyətlərdə özlərini reallaşdırmaq imkanlarına malik olmadıqlarına görə, tam əksi , yük hesab ediliblər. “Qız yükü, duz yükü” deyimi də,məhz bu səbəbdən yaranıb və dahası bu günə kimi aktuallığını qoruyub saxlaya bilib.
Qızlar atalarının, ərlərinin, qardaşlarının himayəsi altında bir yük kimi qalmaqdan başqa seçimə malik deyillər. Qızlar, yalnız ailədaxili işlərdə ailənin yükünü bölüşdürmələrinə, hətta ailənin aqrar təsərrüfat işlərini idarə etmələrinə baxmayaraq, onların əməyi reproduktiv əmək kimi dəyərləndirilir. Bu səbəbdən, belə cəmiyyətlərdə qızlar yük kimi dəyərləndirilirlər.
Bu artıq sirr deyil ki, Azərbaycanda ailələr oğul uşaqlarına üstünlük verirlər. Bunun bir çox səbəbi var. Əksər patriarxal cəmiyyətlərdə oğlan uşağı soyadın daşıyıcısıdır, yaşlı valideynlərin qayğısına qalandır, ailəyə maddi dəstək gətirəndir. Belə inanc var ki, qızlar bu vəzifələrin öhdəsindən gələ bilməzlər. Təbii ki bu bir sterotipdir”, bu sözləri BMT-nin Əhali Fondunun Gender Məsələləri üzrə Proqram müşaviri Bahicə Əliyeva deyir.
Onun sözlərinə görə, son illərdə cinsi selektiv abortlarla bağlı halların artıb. Bioloji normaya əsasən, hər doğulan 100 qıza 105 oğlan nisbəti olmalıdır.
Amma 90-cı illərin əvvəllərindən başlayaraq bu balans ciddi şəkildə pozulub. Hətta son illərdə bu nisbət 100-ün 116 ya, oğlan uşaqlarının xeyirinə nəticələnib.

Bu gün Azərbaycanda sellektiv abortlar, yəni qız övladlarının ana bətnində abort edilməsi o həddə çatıb ki, artıq biz statistikada Çindən sonra ikinci yerdəyik. Hal hazırda ölkədə yeni doğulan uşaqlar arasında oğlanların sayı sürətlə artır. Bu da təxminən 2040 və 2050-ci illərdə Azərbaycanda kəskin qız, qadın çatışmamazlığı əmələ gətirəcək.
Azərbaycanda selektiv abortlar hüquqi baxımdan qadağan olunubdur. Çünki sovet dövründən qalan “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 30-cu maddəsinə əsasən, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır (6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə, yalnız stasionarda aparılmasına icazə verilir). Bu müddətin fövqündə həyata keçirilən bütün abortlar (tibbi zərurət halları istisna olmaqla) qanun pozuntusudur.
12 həftənin sonunadək embrionun cinsini müəyyən etmək mümkün deyildir. Deməli, Azərbaycanda selektiv abortlar qeyri-qanuni yolla daha gec hamiləlik dövründə həyata keçirilir. Azərbaycanda ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunması haqqında” qanununa əsasən, ana və körpənin sağlamlıq problemi meydana çıxdığı təqdirdə, həkim məsləhəti ilə aborta icazə verilir. Qanunvericilikdə selektiv abortlara münasibət yoxdur

Cəmiyyətimizdə sellektiv abortun geniş vüsət almasını bir neçə səbəbə bağlamaq olar.
1. Kişinin güc strukuru kimi qəbul edilməsi.
Əksər patriarxal cəmiyyətlərdə olduğu kimi bizim cəmiyyətdə də inanılır ki,ailənin hüquqlarının qoruna bilməsi üçün,kənardan gələ biləcək fiziki və mənəvi zərbələrə qarşı ailənin hər zaman qoruyan sərt  müdafiə sisteminə-kişiyə ehtiyac vardır. Bu bizim folklorumuzda da öz əksini tapıb : “Oğul atanın arxasıdır”,”Kişi evin dirəyidir”,”Oğul düşmən çəpəridir” və.s deyimi məişət və sosial güvənsizlikdən, xüsusi mülkiyyətin itirilməsi təhlükəsindən irəli gəlir. Məhz ona görə də ailənin  oğlan övladı  mülkiyyətin qoruyucusu və təminatçısı kimi tanınır.

2. Qadınların iqtisadi asılılığı- iqtisadi problemlər
Qadin iqtisadi cəhətdən ailənin digər fərdlərindən asılı olduqda əlbəttə ki,o,abortdan imtina edə bilmir.Çünki, arzusunda olduqları oğlan uşağını “tapana” kimi cığallıq edərək dünyaya gələn qız uşaqlarının  maddi ehtiyacını qarşılayacaq iqtisadi gücə sahib deyil .

Əvvəllər çox arzu edilən oğlanı tapana qədər qadını uşaq dünyaya gətirməyə məcbur edilirdisə artıq bu maddi çətinliklər səbəbindən mümkün deyil. Ailədəki uşaq sayını maksimum 3 uşaqla limitləndirən ailələr məcbur “seçim”etməli olurlar ki,bu adətən qız uşaqlarının abortu ilə nəticələnir.

3. Cinslər arasındakı bərabərsizlik
Qadın hüquqlarının pozulduğu,qadının fikir azadlığının olmadığı bir ortamda qadın uşaq dünyaya gətirib-gətirməyəcəyinə qərar verə bilmir. Ailənin kişisi oğlan istəyirsə kişinin istəklərini yerinə yetirməklə vəzifələnmiş qadın bu istəyi yerinə yetirməyə məcburdur. Selektiv abortların geniş yayıldığı əraziləri birləşdirən ümumi bir xüsusiyyət ondan ibarətdir ki, bu cəmiyyətlərdə nəslin varisinin oğlan vasitəsilə təmin olunacağını dəstəkləyən patriarxal dəyərlər güclü, gender bərabərliyi isə zəifdir.

4. Adət-ənənələr,mental dəyərlər
“Kişinin oğlu olar”… Ekə bu deyim bəs edir ki mentalitetimizdə oğlan atası olmağın cəmiyyətimizdə kişinin statusuna təsirini təxmin etməyə yetsin. Məsələn, qızı olmayan birinə yaşlılarımız dua edərkən “Allah sənə qız versin”deyildiyini heç duymadım.

Selektiv abort zamanı qadına qarşı edilən zorakılıqlar

Fiziki zorakılıq
Hər şeydən öncə,hər abort qadın sağlığı üçün müəyyən risk faktorları daşıyır. Selektiv abortlar hamiləliyin daha gec dövründə baş verdiyi üçün, onun qadınların sağlamlığına təhlükəsi daha çoxdur. Hətta, selektiv abortlar nəticəsində ölüm və intihar halları da az deyildir.
Abortlar vasitəsilə məhv edilən canlı embrionlarla yanaşı, həmin abortlara məruz qalan analar öz həyatlarını itirirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə, hər il dünyada on minlərlə qadın məhz abort nəticəsində ölür.

Psixoloji zorakılıq
Qadınlar ailədə selektiv abortlara getməyə məcbur edilir. Selektiv abortlar əksər hallarda kişilərin təhriki ilə baş verir. Çünki qadınlar üçün belə bir addım atmaq, onların həm fiziki, həm psixoloji durumuna mənfi təsir göstərir. Bəzi qadınlar, belə abortlardan sonra dərin stresslər keçirir və özlərini psixoloji baxımdan bərpa etməkdə çətinlik çəkirlər. Azərbaycanda qadınlar arasında olan intihar hallarının əsas səbəblərindən birini burada axtarmaq doğru olardı.

Sellektiv abortun cəmiyyət üçün təhlükələri.
Təbii ki, bunun da ciddi fəsadları olacaq. Fəsadlardan biri budur ki, Azərbaycanda zorakılıq artacaq. Qadın hüquqları, qadın haqları konteksində çox zəifləyəcəyik. Məsələn qız qaçırmaların sayı artacaq. Yəni evlilik üçün bərabər sayda qadın qalmayacaq. Göbək kəsdi deyilən adətlərin sayı çoxalacaq. Hansı ki, bu da insan hüquqları baxımından çox dəhşətli mənzərə yaradır. Qızlar dünyaya gəlməmiş onları evləndirəcəklər.
Qız uşaqların dəyəri ölkə səviyyəsində qaldırılmasa, qız uşaqları arzu olunan övlad olmasa bu zaman bizi əvvəldə sadaladığım fəsadlar gözləyəcək. Bir çox cəmiyyətlər bunu keçiblər. Məsələn Çində ciddi şəkildə bu müşahidə olunur. O cümlədən Cənubi
Bütün baş verənlər onu göstərir ki, əhalinin dünyəvi bilgiləri zəifdir. Bu da ondan irəli gəlir ki, ölkədə qadın və kişi arasında gender əsaslı sterotiplər mövcuddur. Yəni bir növ miflər var ki, məsələn qadın inkişaf edə bilməz, qadın lider ola bilməz. Bunların heç biri doğru deyil.

Hər hansı ölkə əhalisinin cinslərə görə bölgüsündə müşahidə olunan uyğunsuzluq, yəni, doğulan qız və oğlan uşaqlarının sayında olan kəskin fərq, selektiv abortların səviyyəsinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır.

Selektiv abortlar, USM meydana çıxanadək ümumi abortlar statistikasının tərkib hissəsi olmuşdur. Çünki 70-80-ci illərədək embrionun cinsinin müəyyən edilməsi metodları primitiv olduğu və zəif ehtimallara əsaslandığı üçün, geniş yayılma imkanları yox idi. Lakin, doğuşdan sonra körpələrin öldürülməsi imkanları geniş idi. Çünki əksər yerlərdə buna nəzarət mexanizmləri zəif olmuşdur.

Uşaqların sayının azaldılmasına yönələn ailə planlaşdırılması siyasətinin tətbiqi patriarxal cəmiyyətlərdə seçimin oğlanlar xeyrinə edilməsinə şərait yaradır. Bu problemin həlli üçün, patriarxal ölkələrdə gender bərabərliyi siyasətinin inkişaf etdirilməsi vacibdir. Bununla yanaşı, ailə planlaşdırılması siyasətinin ortadan qaldırılmasının düşünürük ki, selektiv abortların azalmasında müsbət nəticələri olacaqdır. Lakin, problemin fundamental həlli, sosial dövlət prinsiplərinin inkişaf etdirilməsinə bağlıdır. Yəni, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması, pulsuz təhsilin genişləndirilməsi, ailələrdə nəsilvermə əmsalının artmasına və bunun nəticəsi olaraq selektiv abortların azalmasına şərait yaradacaqdır.

AynurA

Şərh yoxdur

şərhini yaz