a
Hava:
14 C
clear sky
Baku
humidity: 72%
wind: 7 m/s SSE
H14 • L14
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıŞah İsmayılın xanımı – Səfəvilər dövlətini 16 il idarə etmiş Şahbəyi Taclı Bəyim

Şah İsmayılın xanımı – Səfəvilər dövlətini 16 il idarə etmiş Şahbəyi Taclı Bəyim

Şah İsmayılın xanımı – Səfəvilər dövlətini 16 il idarə etmiş Şahbəyi Taclı Bəyim

Taclı Xanımın əsl adı Bigədir. Mənbələrdə “Bigə xanım” olaraq qeyd edilir. Bu sözün qədim türkcə “big/beg” (bəy) sözündən yarandığı məlumdur. “Taclı” isə onun ləqəbi idi. Bu ləqəb ona I Şah İsmayılla evləndikdən sonra verilmişdir. Mənbələr ondan “Taclı xanım”, “Taclı Bəyim” və “Şah Bigə xanım” olaraq bəhs edirlər.

Taclı Bəyimin həddindən artıq gözəl olduğu qeyd edilir. “Bəyim” adı Səfəvilər dövlətində qadınların daşıdığı ən böyük titul olduğundan, onun birinci xanım olduğu aydın olur.

Taclı Bəyimin cəsarəti, igidliyini isə bütün mənbələr qeyd etmişdir. Mərhəmətli olduğu xüsusuilə vurğulanır. Onun xalqın şikayətlərinə qulaq asdığı və problemlərini həll etdiyi bildirilir. Mənbələr onun bir məktubunun belə, təsirli olduğunu və problemin anında həllinə səbəb olduğunu yazırlar.Gözəlliyi, cəsarəti, igidliyi və bacarığı ilə məşhur olan Taclı Xanımın haqqında Dədə Qorqud dastanlarında yer alan hekayələrə oxşar xeyli əfsanələr yaranıb.

Bəzi araşdırmaçılar güclü şəxsiyyəti, təsirli qərarları və bacarığı ilə Taclı Bəyimi qızılbaşların “xanım sultanı” adlandırırlar. Taclı Bəyim haqqında verilən bu məlumat mənbələrdə də öz əksini tapır. Səfəvi tarixçisi Budaq Münşi Qəzvinidə yer alan bir məlumat Taclı Bəyimin sarayda və şah üzərində nə dərəcə təsirli olduğunu deməyə əsas verir. Müəllifə görə, Şah İsmayıl tərəfindən Herat hakimi təyin edilən Əmir Xan Mosullu Hindistanda hakimiyyətdə olan Babur şahla gizli əlaqəsi ortaya çıxan böyük din alimi Mirməhəmməd Miryusifi edam etdirmişdi. Şah İsmayıl əmirin bu hərəkətinə çox qəzəblənmiş və öldürülməsini əmr etmişdi. Ancaq Əmir xan Taclı Bəyimə sığınmış, bu qadın onun əfv edilməsinə yardımçı olmuşdur.

 

Taclı Bəyim Səfəvilər dövlətinin I Şah İsmayıldan sonra siyasi avtoritetə sahib ən güclü dövlət adamı idi. O, Şah İsmayılın verdiyi qərarları belə, dəyişdirmək iqtidarında olmuş, oğlu Təhmasıb adına dövləti 16 il idarə etmişdir.

 

Şah İsmayılın 1524-cü ildə vəfatından sonra Taclı Bəyim kiçik yaşlı Təhmasıbın əlindən tutaraq onu taxta oturtmuş və qızılbaş əmirlərinə ona boyun əymələrini əmr etmişdi.

Taclı Bəyimin “Bacılar” (doyüşçü qadınlar) ordusunun başında Çaldıran döyüşündə yer alması təsadüfi deyildi. Çünki o, eyni zamanda döyüşçü bir qadın olmuşdur. Bunu onun Çaldıran döyüşünə könüllü getməsi və döyüşdə yer alması da təsdiq edir.

Osmanlı-Səfəvi münasibətlərindəki mübahisəli məqamlardan biri də Şah İsmayılın xanımı Taclı Bəyimin Çaldıran döyüşündə əsir alınıb-alınmaması məsələsidir. Osmanlı mənbələri Taclı Bəyimin Çaldıran döyüşündə iştirak etdiyini və əsir alındığını qeyd edirlər.

Buna baxmayaraq,Türkiyəli məşhur tarixçi Faruk Sümer Osmanlı mənbələrinin iddialarının doğru olmadığını bildirərək, Taclı Bəyimin döyüşdən qaçıb Hoy hakiminin evində gizləndiyini, buradan Təbrizə gəldiyini və buna Şah İsmayılın çox sevindiyini bildirir.

Səfəvi mənbələri isə onun əsir alınması haqqındakı məlumatları təkzib edirlər. Taclı Bəyimin əsir alınmadığını, döyüşdən sonra itdiyini iddia edirlər.

Taclı Bəyim 16 il oğlu Tıəhmasıb adına Səfəvilər dövlətini təkbaşına idarə etmişdir. Amma ana ilə oğul arasında münasibətlər 1539-40-cı illərdə pozuldu. Mənbələrə görə, bu tarixdə Təhmasıb anasını zəhərləyib öldürtmək istəmişdi. Bunda Təhmasıbın xanımlarının və qızlarının rolu olduğu ortaya çıxır. Ehtimal ki, onlar hərəmdə Taclı Bəyimin hakimiyyətindən narazı idilər.

Təbrizdə yoluxucu vəba xəstəliyi yayıldığı zaman Təhmasıb hərəmdəki bütün qadınları şəhərdən uzaqlaşdırarkən anasının çıxmasına icazə verməmiş və onun bu xəstəlikdən ölməsini istəmişdir. Amma Taclı Bəyim bu xəstəliyə tutulmayınca, bu dəfə Təhmasıb qızlarının məsləhəti ilə onu Şiraza sürgün etdirmişdi.

Taclı Bəyim Təbrizdən Şiraza qədər olan yolu dəvə belində getmiş və yolda ağır xəstələnmişdir. Oğlunun davranışı onu dərindən sarsıtdığından Şiraza çatan kimi də vəfat etmişdir. Başqa bir məlumata görə, Şirazdakı İstəhr zindanına atılmış və orada ölmüşdür. Onu Şirazın məşhur Səlcuqlu məqbərəsi Bibi Xatunda dəfn etmişlər.

Taclı Bəyimin 1540-41-ci ildə vəfat etdiyi bildirilir. Nəzərə alsaq ki, Taclı Bəyim Şah İsmayılla 14-15 yaşında evlənib, o zaman onun 1488-89-cu ildə anadan olduğu, 50-51 yaşında öldüyü ortaya çıxır.

Vəsiyyətinə görə, bütün varidatı xeyriyyə qurumlarına bağışlanmışdır.

T.E.Ü.F.D ƏKBƏR NƏCƏF

 

Mənbə: Karabakhmedia.az

Şərh yoxdur

şərhini yaz