a
Hava:
23 C
clear sky
Baku
humidity: 38%
wind: 7 m/s SSW
H23 • L23
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıŞəhidlər Xiyabanında dəfn olunan ilk döyüşçü qadın- Rəhilə Orucova

Şəhidlər Xiyabanında dəfn olunan ilk döyüşçü qadın- Rəhilə Orucova

13 may 1992-cü il xalqımızın igid qızı Rəhilə Orucovanın Bakının müqəddəs Şəhidlər Xiyabanında əbədi yuxuya daldığı gündür. O vaxta qədər Rəhiləni çox az insan tanıyırdı. Həmin gündən etibarən isə Rəhilənin adı dildən-dilə, eldən- elə gəzdi, İnsanlar dəstə-dəstə onun məzarı qarşısında baş əyib ziyarət edirlər. Rəhilə Şəhidlər Xiyabanında dəfn olunan ilk döyüşçü qadındır. İxtisasca tibb bacısı idi. Vətən, torpaq qeyrəti çəkib aparmışdı onu ön cəbhəyə. Əlinə silah alıb düşmənlə üzbəüz döyüşə atılmışdır. Neçə- neçə yaralı döyüşçümüzü ölümün ağzından alıb xilas etmiş, neçə- neçə erməni quldurunu gülləyə hədəf etmişdir.

Orucova Rəhilə Əli qızı 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. O, qədim Oğuz Türk torpaqlarının qetrət qanını damarlarında daşıyırdı. Rəhilə Orucova 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oranı bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir.
1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş,texnikomu bitirdikdən sonra əvvəlcə Bakı təcili yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına baş hövsə xəstəxanasında fəaliyyətə başlamışdır. Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi bir əsgər kimi vuruşmuşdu.

1992-ci il mayın 11-də Ağdərə rayonunun Mərguşəvan kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olmuşdur. Mayın 13-də Şəhidlər xiyabanında dəfn olunmuşdur.
1992-ci il sentyabr ayında 109 nömrəli məktəbə şəhid Rəhilə Orucovanın adı verilmişdir və büstü qoyulmuşdur.

Cəbhə yoldaşları və dostlarının dediyinə görə o hələ sağlığında tez – tez Şəhidlər Xiyabanına gedər, şəhidlərimizin məzarlarını ziyarət edər, şəhid jurnaist Salatın Əsgərovanın məzarı qarşısında dayanaraq “heyif deyil bu dünyada Salatın kimi öləsən”– deyər belə qəhrəman ölümə həsəd apararmış.
Yəqin ki, o vaxtlar Rəhilənin ağlına belə gəlməzdi ki, özü də Salatın Əsgərovanın məzarının bir neçə addımlığında qəhrəmanlıq göstərərək şəhid kimi , əbədi olaraq uyuyacaqdır.

Məzarın nurla dolsun,şəhid bacımız, xalqımızın qeyrətli Şəhid qızı Rəhilə !

 

Şərh yoxdur

şərhini yaz