a
Hava:
14 C
clear sky
Baku
humidity: 51%
wind: 2 m/s W
H14 • L14

Qanunvericilikdə abort

Selektiv abort, ümumiyyətlə növündən asılı olmayaraq heç bir abort tibbi əməl kimi qanunda qadağan olunmayıb. Lakin qanunvericilikdə ailə problemləri ilə bağlı olan dövlət proqramları var. Bu proqramlarda Səhiyyə Nazirliyinə və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə abortun gənc ailələrə, qadının sağlamlığına ziyanı ilə əlaqədar təbliğat işlərinin aparılması tapşırılıb. Burada abortla bağlı maarifləndirici fəaliyyətin həyata keçirilməsi əks olunub.

Qanuni tərəfinə görə abortu istisna edən sosial göstərişlər var. Adi qaydada olan abortda hamiləlik 12 həftəyə qədər müddətdə sonlandırılır. Lakin sosial göstərişlər olduqda hamiləliyin süni sürətdə pozulması 22 həftəyə qədər aparıla bilər. Hamiləliyin süni pozulmasına dair sosial göstərişlər Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli qərarı ilə müəyyən olunub. Bu siyahıda 12 hal öz əksini tapıb:
Ərin 1-ci və ya 2-ci qrup əlil olması
Hamiləlik dövründə ərin ölməsi
Valideynlik hüququndan məhrum edilmə
Qadının yaxud kişinin işsiz hesab edilməsi
Qadının yaxud ərinin azadlıqdan məhrum edilmə yerində olması
Nikahdan kənar hamiləlik
Hamiləlik dövründə nikahın pozulması
Hamiləliyin zorlanmaya məruz qalma nəticəsində baş verməsi
Çoxuşaqlılıq ( 5 və daha artıq uşaq olarsa)
Ailədə sağlamlıq imkanı məhdud uşağın olması
Qadının qaçqın və ya məcburi köçkün statusunun olması
Mənzilin olmaması, yataqxanada, şəxsi ev və kirayədə yaşama

Bu göstərişlərlə yanaşı hamiləlik müddətdən asılı olmayaraq tibbi zərurətə görə də pozula bilər. Buraya bətndə olan dölün ananın həyat və sağlamlığına mənfi təsir etmə halları aiddir.

Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı və peşakar həkimlər tərəfindən aparılmalıdır. Xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda abort qanunsuz hesab olunur və Cinayət Məcəlləsinin 141-ci maddəsi ilə məsuliyyətə cəlb edilir.

Qanunsuz abort iki halla müşahidə edilir. Birincisi, həkim tərəfindən tibb müəssisəsindən kənarda abort etmə. Bu halda təqsirkar şəxs 1000 manata qədər cərimə və 6 aya qədər islah işi ilə cəzalandırıla bilər. İkinci vəziyyət isə, abort ali tibbi təhsili olmayan şəxs tərəfindən həyata keçirildikdə qadağan olunur. Belə olduqda həmin şəxslər 1500 manata qədər cərimə, 480 saata qədər ictimai işlər və 1 ilə qədər müddətdə islah işləri ilə cəzalandırıla bilərlər. Əgər hər iki halda abort edilən qadının sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurularsa, bu zaman təqsirkar şəxslər 1 il müddətinə azadlıqdan məhrum edilirlər. Qanunsuz abort zərərçəkən qadının ölümünə səbəb olduqda isə onlar 5 ilədək azadlıqdan məhrum edilmə cəzası ala bilərlər.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz