a
Hava:
14 C
clear sky
Baku
humidity: 88%
wind: 3 m/s SSE
H14 • L14
HomeMünasibətlərUşaqların təlim və tərbiyəsiHƏYAT – MÜBARİZƏDİR, BİLİK – ƏN QÜDRƏTLİ SİLAH…

HƏYAT – MÜBARİZƏDİR, BİLİK – ƏN QÜDRƏTLİ SİLAH…

HƏYAT – MÜBARİZƏDİR, BİLİK – ƏN QÜDRƏTLİ SİLAH…

Bilik gününü adətən məktəblə əlaqələndiririk.

Bilik həqiqətənmi yalnız məktəb həyatında mühüm rol oynayır?

Hələ qədim dövrlərdə insan onu əhatə edən gerçəkliyi dərk etməyə çalışıb. Bu, həm marağın təzahürü, həm də özünü qorumaqla yaşamaq istəyinin ifadəsi olub. Ətraf mühitlə tanışlıq, onun bütün incəlikləri ilə dərk edilməsi bəşər övladının vəhşi təbiətin sərt qanunlarına uyğunlaşaraq inkişaf etməkdə olan təkamül pillələrində yüksəlişini təmin edib.

“Bilik – nur, cahillik – zülmətdir” kəlamı ilə kamillik zirvəsinə ucalan insan yenilməzdir. Güclüdür və məğlubedilməzdir.

Biliklərə yalnız məktəbdə sahib olmuruq. Həyat özü böyük və hər anı sınaqla bitən məktəbdir.

Mustafa Kamal Atatürk demişkən: “Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər”.

Bütün həyatımız biliklərin davamlı əldə edilməsi, onların dərk edilməsi, düşüncələrə, xəyallara və duyğulara əsaslanan fikirlərin gerçəkləşməsi, praktik həyatda tətbiq edilməsindən ibarətdir. Dahi filosof Sokratın bir kəlamını unutmayaq: “Bilik düzgün tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir”.

Sözsüz ki, elmin təsdiqlədiyi məlumatlarla ilk tanışlığımız məktəbdə baş tutur. Oxuyuruq, yazırıq, əzbərləyirik, sualları cavablandırırıq… Bir çox hallarda bilik əldə etmə üsullarına yiyələnmənin daha vacib olduğunu unudaraq…

Gələcək ixtisasımız və ya peşəmizlə bağlı elmi bilikləri universitet auditoriyasında mənimsəyirik… Bəzən sahib olduğumuz biliklərin düzgün tətbiqi ilə bağlı bacarıqlara yiyələnmədən…

Məktəbdə qazandığımız təhsil və biliklər bizi mürəkkəb və təzadlı həyat yoluna, qarşımıza çıxa biləcək çətin sınaqlara hazırlayır. Məktəb bir bilik məbədi kimi yetkin həyat dünyasına – universitet təhsilinə, peşə və iş aləminə növbəti qapını açır. Müvafiq biliklər olmadan heç bir mütəxəssis nə cəmiyyətə, nə də özünə fayda gətirə bilməz.

Konfutsiyə görə, “biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir”.

Düşüncə və beyin fəaliyyəti olmadan insan digər canlılardan fərqlənməyəcəkdir. Hər bir insan özü özünü bir şəxsiyyət kimi formalaşdırır, fiziki və mənəvi cəhətdən inkişaf etdirir. Bilik – yalnız vasitədir.

Bu vasitədən istifadə etməklə hər bir insan mənəvi aləmini zənginləşdirir, mədəniləşir və müstəqilləşir, yüksək zəka sahibinə çevrilir… Və nəticədə uğur və hörmət qazanır.

Bilik əldə etmək heç də hər zaman asan olmur, onu bəzən zəhmətlə və əzmlə əldə etməli oluruq. Və bu halda damla-damla həyat təcrübəsi toplayan idrakın qələbəsi necə də şirindir! Görkəmli yazıçı Onore de Balzakın söylədiyi fikir təkzibolunmaz həqiqətdir: “Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır”.

Dəyişkən həyata yenilik gətirmək, biliyi ilə cəmiyyətə fayda vermək və onu yeni bir inkişaf mərhələsinə çıxarmaq Yer üzündəki hər bir insanın vəzifəsidir.

Əlbəttə, dünyada hər şeyi bilmək qeyri-mümkündür. Lakin mükəmməlliyin həddi-hüdudu yoxdur. Çünki bilik Kainat kimi sonsuzdur. Bu soznsuzluğa qovuşmaq – yaşamaq və yaşatmaq deməkdir. Bəlkə də müdriklər kimi əbədiləşmək deməkdir.

“Həyat – mübarizədir” deyimi hər bir kəsə bəllidir.

Bu mübarizədə yeganə qüdrətli silah isə BİLİKDİR.

Bilikli olaq… Biliklə olaq…

 

Pedaqogika üzrə fəlsəfə doktoru,

dosent Oktay Səmədov

 

Şərh yoxdur

şərhini yaz