a
Hava:
14 C
clear sky
Baku
humidity: 88%
wind: 3 m/s SSE
H14 • L14
HomeSağlamlıq və gözəllikMütəxəssis rəyiBu günün baxımlı qadınları mütəxəssis gözüylə

Bu günün baxımlı qadınları mütəxəssis gözüylə

Qadın daim axtarışdadır. Yeni olan hər şey onun marağındadır. Gözəllik isə ümdəsidir. Gözəlliyi ayrı sevən qadınlar, bu gün sözümüz sizədir…
Müsahibim isə “Astoria” tibb mərkəzinin  həkim- kosmetoloqu Kəmalə Mehdiyevadır. Onun missiyası hər kəsin, xüsusən də qadınların ürəyincədir. Gəlin, müsahibədən öncə bu gözəl amallı Azərbaycan xanım ziyalısı ilə qısaca tanış olaq
Kəmalə Hüseyn qızı Mehdiyeva Şərqin qapısı, mədəniyyətimizin beşiyi sayılan Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ağ xalat eşqi onu Azərbaycan Tibb Universitetinin tələbəsi olmağa vadar etmişdir. İlk kariyera həyatına Naxçıvan şəhər xəstəxanasında davam etdirən Kəmalə həkim bir neçə il sonra, vətənimizdən kənarda Rusyanın Kirov oblastında öz peşəsinə davam etmişdir.
Hazırda şarımlı xanımların sevimlisinə çevrilən kosmetoloq Kəmalə xanım müxtəlif adda tibb obyektlərinin və kosmetoloji mərkəzlərinin tanınan həkimidir.
-Kəmalə xanım, ilk olaraq müasir kosmetologiya haqqında nə deyərdiniz?
-Yaşadığımız dövrdə hər sahədə olduğu kimi, tibbin bu sahəsində  də inkişaf və tərəqqi çox sürətlidir. Ona görə də, xanımlar arzuladıqları gözəlliyi əldə etmək, gözəl görünmək üçün bir çox müasir üsullardan               ( populyar prosedura və seanslardan ) istifadə etmək əlçatandır.
-Kosmetoloqa ən çox hanşı yaşda xanımlar müraciət edir?
– Konkret bir yaş göstərmək qeyri-mümkündür. Müxtəlif yaşlarda bizə üz tutan qadınlar var. Baxır hansı şikayət və ya istək üçün. Məsələn: 20-30 yaş arası gənc xanımlar əsasən burun kiçiltmə və burun əyriliklərini aradan qaldırmaq üçün müraciət edirlər.
30-40 yaş arası orta yaşlı xanımlar əsasən ailə qurub hamiləlik keçirən və dünyaya uşaq gətirən xanımlar olur. Onlar sinə əməliyyatı, qarın gərmə əməliyyatı və s. ilə daha çox müraciət edirlər. Sözsüz ki, başqa problemlər də müşaiət olunur, ancaq böyük çoxluğu narahat edənlər sadaladıqlarımdır.
40-50 yaş arası xanımlar daha çox üzdə ovalın sallaqlığı üçün, bəzi qellərdən, fillerden istifadə üçün, gözaltı qara kölgəni itirmək üçün, botoks prepaparatı üçün, göz qapaqlarının dartılması və müəyyən sapların qoyulması üçün müraciət edirlər.
Deyərdim ki, 40 və yuxarı yaş həddində olan xanımlar daha ciddi problemlər üçün müraciət edirlər, çünki bu dövrdə onların üzlərində və dərilərində müəyyən qədər çox dəyişikliklər baş verir.
45 yaş və yuxarı hədd xanımlar isə kəskin problemlərlə üzləşir. Ən əsas səbəblərindən biri klimaks dövrünün başlanğıcı və ya bitdiyi dövrü olduğu olduğu üçündür.
Bilindiyi kimi, qadın hormonları qadınları qoruyucu mələk kimi qoruyur.
Bu azaldıqda qadınların dərisində, sümüklərində daha ciddi dəyişikliklər qaçınılmazdır. Bəzən üz və boynun bütöv dartılmasını həyata keçirmək lazım olur. Bunun üçün yaş həddi yoxdur. 70 yaşa qədər qadınlar bu seansları eləyə bilərlər, əlbəttə ki, əgər fiziki başqa xəstəlikləri yoxdursa.
-Qadınlarda hansı problemlər qabarıqdır və nə zaman insan istədiyi gözəlliyi əldə edə bilər?
– Hər yaşın özünə məxsus problemi olur. Ümumiyyətlə, belə bir söz vardır ki, qadın kosmetoloqa getdiyi gündəki kimi qala bilər. Bu həqiqətdir. Qadın həmin gündən baxımlı qalır.
Xanımlar hansı sıxlıqla və hansı dönəmlərdə sizə üz tuturlar?
Xanımların bizə müraciəti fəslə görə də dəyişə bilər. Onların ünvanladıqları və aradan qaldırmaq istədikləri şikayətlər də fəslə görə olur.
Belə ki, qış aylarında pillinq, mikronidlik proseduralarına üz tutulursa, yaz aylarında dolğulara daha çox müraciət olunur. Yay aylarında qidalandırıcı, nəmləndirici mezokoktellərə və s. daha çox üstünlük verilir.
-Kəmalə xanım, xanımlar hər zaman qüsurlarını görə bilirlərmi?
– El arasında belə bir söz var, “çirkin qadın yoxdur, baxımlı və baxımsız qadın var”. Bu həqiqətdir. Bəzən qadınlar bizə elə problemlərlə müraciət edirlər ki, hal – hazırda onun uzündə o proseduraya ehtiyac yoxdur, əksinə onun görə bilmədiyi digər problem daha aydın şəkildədir və onu həll etmək digərindən çox vacibdir. Məsələn: 20-25 yaşlarında gənc xanım burnunun formasını dəyişmək üçün həkim cərrah-kosmetoloqa müraciət edir. Halbuki üz dərisində həddindən artıq sızanaqlar, qızartılar, çirkli, irinli çivzələr var ki, onlara diqqət yetirmək mütləqdir. Nədənsə xəstə bunu görə bilmir. Ancaq onun xarici gozəlliyinə zərər gətirən bu kimi narahatlıqlardır. Bəzən bu sızanaqlar o qədər çox olur ki, hətta sağalmış sızanaqların yeri çuxur və ya kələ-kötür görünür. Bu da yüksək dərəcədə uz qüsuruna səbəb olur.
-Doktor, üz dərimizi necə tanıyaq? Deyə bilərsinizmi, bu yöndə ilk amillər nələrdir?
-Bəzən olur ki, bizə müraciət edən xəstələr öz üz tipini tanımaya bilirlər. Bilindiyi kimi dəri 4 fərqli quruluşa malikdir. Yağlı dəri, quru və qarışıq və həssas dəri tipi. Son zamanlar sosial şəbəkələrdə, televiziya və dövri mətbuatda bu tərz maarifləndirici proqramlar və məlumatlar çox olduğu üçün müasir dövr xanımlarımız daha baxımlı və bilgilidirlər. Onlar müəyyən qədər öz dəri quruluşunu tanımağa nail olurlar. Ancaq çox sadə bir nüansı sizin diqqətinizə çatdırmaq istərdim. Bir steril kosmetik salfetka götürün. Çox yumşaq şəkildə üzünüz quru halda silin.
1. Əgər sizin salfetkanızda heç bir yağ izi görünmürsə, deməli, sizin dəriniz quru dəridir.
2. Əgər, sizin salfetkanızda yağ izləri bəzi yerlərə iz salıbsa, (alın, çənə, burun) deməli, qarışıq dəri növünə məxsus dəri növünə maliksiniz.
3 Əgər, sizin salfetkanız tamamilə yağ izi ilə bulaşıqdırsa, aydındır ki, sizin dəriniz son dərəcə yağlıdır.
4. Əgər, sizin dəriniz tez-tez müxtəlif səpki və qızartılar və s. məruz qalırsa, deməli həssas dəriyə sahibsiniz.
-Kəmalə xanım, sizə üz tutan hər hansı şikayətçi xanımın istəyi sizin üçün nə dərəcədə önəmli olur, əgər o, özü əsas səbəbi yaxşı görmürsə, bu zaman bir həkim kimi müdaxilə edib məsləhət verirsinizmi?
-Əlbəttə, bəzən xəstə bizə dodaq ətrafı qırışlardan şikayət üçün gəlir və aradan qaldırılmasını istəyir. Bu zaman biz pasientin gözaltı dolğuya ehtiyacın daha kəskin olduğunu görürük və bildiririk ki, gözaltı dolgu zamanı və ya yanaq dolğusu zamanı dodaq ətrafı sallaqlıqlar yuxarı qalxır. Zənnimcə, həkim öz pasientinə mütləq məsləhətini bildirməlidir.
 -Bəzən qadınlar iş rejiminin sıxlığından, səhhətinin yol vermədiyindən və ya maddi gəlirinin azlığından kosmetik həkimlərə üz tuta bilmirlər. Onların ev şəraitində üzlərinə qulluq etmələri üçün nə məsləhət görərsiniz?
İlk növbədə üz dəri növünü, bütövlükdə dərilərini tanımalıdırlar. Və fəslə görə baxım etməlidirlər. Məsələn: yay ayları bol meyvə – tərəvəz dövrü olduğundan meyvələrdən qidalandırıcı, nəmləndirici maskalar etməlidirlər. Bu həm əlcatandır, həm də elə də bahalı deyil, ən önəmlisi isə təbiidir.
İnternet vasitəsi ilə öz üz dərilərinə masaj edə bilərlər. Diqqətinizə çatdırım ki, izləyəcəyiniz masaj mütləq həkim və ya mütəxəssisin masajı olmalıdır, əks halda dəri sallanması, dərin qırışlar və ya digər fəsadlarla üzləşə bilərsiniz. Daha sonra xanımlar üz dərilərini günəş şüalarından qorusunlar. Günəş şüaları dərini qocaldan ilk faktorlar sırasındadır. Evdə dərin olmamaq şərti ilə, yüngül pillinq etmək olar.
-Kəmalə xanım, siz bir həkim kimi, cəmiyyətin ziyalı qadın vətəndaşı kimi deyə bilərsinizmi, Azərbaycan qadını gözəldirmi və nə etsinlər ki, gözəllik ilahələri onların daim çiyinlərində məskən salmış olsun?
– Bəli, Azərbaycan qadını həqiqətən gözəldir, ən əsası isə qadını gözəlləşdirən bütün xüsusiyyətə- etik-estetik xarakterə, yüksək mədəniyyətə, qayğıkeş ana, həyat yoldaşı və s. xüsusiyyətə malikdirlər. Mən dünyanın bir çox ölkələrində olmuşam. Bu zərif xüsusiyyətlərə görə Azərbaycan qadını çox gözəl və dəyərlidir. Qəlb gözəlliyini, milli dəyər və missiyasını yüksək tutan hər qadının çiyinləri elə gözəllik məskəni olacaq deyə düşünürəm.
-Qadınlardan, qadın missiyasından söhbət düşmüşkən, qadın dünyasının sevimlisinə çevrilən “Umay” qadın saytına arzu və ürək sözləriniz nələrdir?
-Bütün səmimiyyətimlə deyə bilərəm ki, “Umay”ın missiyasını çox bəyəndim və təqdir etdim. Məramınızı alqışlayıram. Siz öz gözəl, dolğun, aktual və eyni zamanda maraqlı mövzu və faktlarınızla çoxlarını bilgiləndirir, bilgililəri isə daha da məlumatlandırırsınız. Sözsüz ki, insan nə qədər bilgili olursa olsun, hər şeyi bilmək mümkünsüzdür, öyrənmək istəyi isə daimidir. Bu mənada yüksək əməyiniz saya gəlməz. İnanıram ki, “Umay” qısa zamanda söz meydanında öz sözünü deyənlərdən olacaq və gözəl uğurlara imza atacaq. Yolun açıq, məramın xoş olsun, Umay!
Şərh yoxdur

şərhini yaz