a
Hava:
16 C
clear sky
Baku
humidity: 39%
wind: 7 m/s NNE
H16 • L16
HomeKateqoriyasızBir nəfərin uğurunda və ya faciəsində hamımızın məsuliyyəti var

Bir nəfərin uğurunda və ya faciəsində hamımızın məsuliyyəti var

Son günlər intihar halları ilə bağlı xəbələr yenə gündəmdədir. Təbii uyğun olaraq, mövzu aktualdır və müxtəlif fikirlər səslənməkdədir. Amma sadəcə, sadəcə  fikirlər səslənir. (Sanki bütün müzakirələr sosial şəbəkələrdə aparılır) Çünki zaman -zaman anoloji situasiyaların şahidi olsaq da , bu istiqamətdə düzənli, ciddi bir layihənin həyata keçirilməsinin şahidi olmamışıq.  Bəlkə buna görədir ki, problem intihar hadisələrindən üç-beş gün sonra  unudulur.  Və bir müddət sonra  yenidən  gündəmi zəbt edir. Son 3 gündə ardıcıl, hər gün 2-3 gəncin intihar etməsi ilə bağlı informasiyalar yayılır.

Dahilərin fikrincə, intihar ya qorxaqlıqdır,  ya ruhi xəstəlikdir, ya həyatı çox sevənlərdir və s. Demək ki, intihar hər bir halda psixoloji zəiflikdir. Bəs övladlarımıza, gənclərimizə psixoloji cəhətdən möhkəm olmaq üçün nə ilə dəstək oluruq və ya olmalıyıq?  Vurğulamaq lazımdır ki,  mükəmməl və ya pis ata-ana yoxdur! Heç bir valideyn övladının intihar etməsini ağlından belə keçirməz. Hamı övladı üçün hər şeyin yaxşısını istəyir: dəbdə olan geyimlər, ən son model telefonlar, texnologiyanın ən son modelləri,  maşınlar və s… Bahalı istirahət mərkəzlərində tətil, dəbdəbəli toy, ad günü və s və s… Amma hamı övladının  ruhən dözümlü, müqavimətli, mərhəmətli, güclü xarakterli insan olması üçün səy göstərirmi?  Göstərməyəcəksə, belə hallar həmişə olacaq.

Biri ailəsinə tabe olmaq istəmir, biri iş tapmır, biri dolana bilmir, biri ata-anası ilə yaşamaq istəmir, biri ailəsinin dəyərinə- mentalitetinə uyğun olmayan bir tərzdə azad yaşamaq istəyir,  biri şantaj olunur, biri sinif yoldaşlarının tənəsinə dözə bilmir, biri eyiblərinin üstü açılacağına tab gətirmir, biri ata- anasının sərt qaydalarını qəbul edə bilmir və s, və s… – İntihar etməyə  səbəb həmişə var. Bu həyatdır. Hər zaman hər şey istədiyimiz kimi olmayacaq.  Amma  problem nə olur-olsun, nədən seçim intihar olmalıdır? Gerçəkdənmi  başqa  çıxış yolu yoxdur?! Ölümdən başqa hər şeyə çarə var axı… Məncə uşaqların, gənclərin  (qız və ya oğlan fərqi yoxdur)  hər şeydən öncə insan kimi iradəli, psixoloji möhkəm, savadlı,  dözümlü,  güclü, cəsur yetişdirilməsinə önəm vermək lazımdır. Nəinki, marka geyimlərlə, bahalı telefonlarla, dəbdəbəli banketlərlə bəsləyərək…

Digər tərəfdən, cəmiyyət olaraq hər birimizin müəllimin, valideynin, QHT-nin,  media mənsublarının intihar halları ilə mübarizədə üzərinə düşən məsuliyyət eynidir. Amma adları çəkilən sahələrin təmsilçiləri nə vaxt mütəşəkkil şəkildə  bir araya gələrək vətəndaş cəmiyyəti kimi eyni  platformada intihar halları ilə mübarizəni müzakirə etdilər, hansısa layihəni həyata keçirdilər? (Söhbət  sosial şəbəkələrdə şərh yazmaqdan getmir!) Amma  havasını udduğumuz, çörəyini yediyimiz eyni məmləkətin hər nəfərinin uğurunda da, faciəsində də məsuliyyətimiz var. Vətəndaş məsuliyyəti!   Böyük müdrik Həzrət Əlinin kəlamında olduğu kimi: “Bir kənddə bir nəfər acından ölsə, bütün kənd qatildir!”

Mətanət Ağamirli
Əməkdar jurnalist
AQSİA İdarə Heyətinin üzvü

etiketlər
Şərh yoxdur

şərhini yaz