a
Hava:
20 C
clear sky
Baku
humidity: 60%
wind: 1 m/s N
H20 • L20

Qədim Türklərdə qadın

Dünyanın bir çox yerində qadının heç bir hüququ olmadığı çağda türk qadınının miras haqqı vardı, hər bir qadının özünə məxsus mülkü və mülkdən istədiyi kimi yararlanmaq haqqı vardı. Qadının da kişilər kimi boşanma haqqı vardı, kişi qadınını boşaya bildiyi kimi qadın da ərini boşaya bilərdi. Xaqanın göstərişi yalnız «Xaqan buyurur…» ifadəsi ilə başlardısa
keçərli sayılmazdı. Yazılı əmrlərə xaqanla bərabər xatun da imza atardı və göstərişlər «Xaqan və xatun buyurur…» ifadəsi ilə bəlli edilərdi. Heredot özünün Tarix kitabında İskit qadınlarının döyüşkənliyindən, cəsarətindən yazır və iskit qızlarının döyüşdə üç düşmən öldürmədən evlənmədiyini qeyd edir. Qadınlar kişilərdən çəkinmədən çaylarda çimər, örtüyə bürünməzdilər. Nədəni bu ki türklərdə zina etmək yox idi. Türk boylarında bu hala təsadüf olunardısa suçlunun cəzası ikiyə bölünmək idi. Qadın və kişi hüquqca bərabər idi. Qadının bir əri olduğu kimi, kişinin də bir qadını olurdu. Qadın hökmdar, qalanın qorquqçusu, dövlətin elçisi, əsgər, ordu başçısı və hərbi şuranın üzvü ola bilirdi. Kişilər evlənmək istərkən ən yaxşı qılınc oynadan, ox atan, at çapan, ən yaxşı döyüşən və güləşən qadına üstünlük verərdilər. Eyni zamanda qadının da bütün bunları ən yaxşı bacaran igidi gələcək əri olaraq seçmək hüququ vardı. Qızlar döyüşdə onları yenə bilməyən kişi ilə əsla ailə qurmazdı. Bilgə Xaqan kitabəsi «Sizlər anam xatun, böyük analarım…» sözləri ilə başlayır.

Əski türk mifologiyasında Ağ Ana, Kubay Ana, Gün Ana, Umay Ana, Maygıl Ana, Od Ana, Su Ana, Yel Ana, Ulu Ana kimi obrazlar da qutsal qoruyucular- ilahələdrir. Ərgənəkon dastanında türklərə yol göstərən də məhz Ana qurd – Asenadır. Əski türklər xaqanı və xatunu Göylərin övladı sayaraq qutsallaşdırır. Bu, Oğuz dastanında belə anladılır:

Oğuz xaqan bir yerdə Tanrıya yalvarırkən,

Qaranlıq oldu birdən, bir işıq düşdü göydən!

Elə bir işıq endi, parlaq Aydan, Günəşdən.

Oğuz xaqan yeridi yaxınına işığın,

Oturduğunu gördü qarşısında bir qızın…

Bu Göy qızı ilə evlənən Oğuz ondan olan övladlarına Gün, Ay, Ulduz adlarını verir. Əski türk qadını yaxşı həyat yoldaşı, ərinə arxa, dayaq olmaqla bərabər daha öncə vurğulandığı kimi tarixlərdə silinməz iz buraxan döyüşçülər idi. İskit türkləri qız uşaqlarını kiçik yaşlarında döyüşçü kimi böyüdürdülər. İskit qadınları döyüş yolu keçmədən, evlənməzdən öncə əri olacaq kişi ilə yarışmadan evlənməzdilər. İskit qızı ilə evlənmək istəyən kişi mütləq onu yenməliydi.

Qədim yunan mifologiyasında haqqında heyranlıqla danışılan Amazon qadınlarının Orta Asiya kökənli döyüşçü türk qadınları olduğu artıq çoxlarında şübhə doğurmur. Kaliforniya Universitetinin professoru arxeoloq Kimbal yunan mifologiyasının cızdığı konturlarla amazon qadınların izinə düşür. Qafqazda da amazonların iziylə rastlanan, Altay dağlarının ətəklərini, Qazaxstanı və bütün orta Asiyanı Monqolstana qədər gəzən arxeoloq açdığı onlarla kurqan içərisində savaşçı amazon kurqanlarının da olduğunu kəşf etmiş və bir az da irəli gedərək yunan mifologiyasında sarışın olduğu təsvir edilən amazon döyüşçü qadının sümük qalıqları ilə Altay dağlarının ətəklərində yaşayan 9 yaşlı bir qızı test etdirmişdir. Sonuc demək olar ki, 3 min il əvvəl yaşamış amazon döyüşçüsünün sümük örnəkləri ilə yüz faiz üst-üstə düşmüşdür. Son zamanlar döyüşçü amazon qadınlarının ilk məskəninin Qobustan olduğunu iddia edən və isbatlamağa çalışan araşdırmaçılar da var (Bax: N.Atəşi «Olimpiadanın beşiyi-Qobustan» «525-ci qəzet» 08.08. 2009-cu il, http://www.azerbaycanli.org/az/news-307.html).

Ümumtürk tarixində önəmli yer tutan Kirin hakimiyyətinə son vermiş Tomris Xatun, Bizans qaynaqlarından gələn bilgilərə görə 6-cı yüzillikdə yüz minlik orduya başçılıq edən Suvar türkü Boğaruq Xatun, Göytürk xaqanı Tonyukukun qızı Xaqan Xatun (8-ci yüzillik), Kül Tikinin anası Bilgə Xatun, qadını Kutlu Sultan (8-ci yüzillik), 18-ci yüzillikdə çinlilərə qarşı savaşmış, haqqında yaponların film çəkdiyi uyğur türkü Dilşad Xatun, ruslarla savaşan və əsir düşdüyündə namusunu qorumaq üçün özünü xəncərlə öldürən Toxtamış xanın nəvəsi Böyük (Büyükə, Bikə) Xatun, 1236-1240-cı illərdə Dehli Türk Sultanlığına başçılıq etmiş Raziyə Bəyim sultan, Kırım xanı Kərim Girayın qadını, ruslarla savaşda şəhid olan Əminə Banu, dünyanın ilk qadın savaş pilotu Səbihə Gökçən və digər onlarla qəhrəman türk qadını ayrıca araşdırmanın və geniş söhbətin mövzusudur. Bu millət min illər öncə Altay dağlarının ən uca zirvəsinə «Qadınbaşı» ismini verdi. Ən uca bildikləri məqama verilən bu ad əski türklərin qadına verdiyi dəyəri simvolizə edirdi.

Namiq Hacıheydərli
Araşdırmaçı, şair

Şərh yoxdur

şərhini yaz