a
Hava:
12 C
clear sky
Baku
humidity: 87%
wind: 6 m/s SE
H12 • L12
HomeUmayClub.comTarixdə bu gün20 noyabr – Ümumdünya Uşaqlar Günüdür

20 noyabr – Ümumdünya Uşaqlar Günüdür

UŞAQLAR – İŞIQLI SABAHA ELÇİLƏRİMİZ

Ümumdünya Uşaqlar Günü (Universal Children's Day) BMT-nin Baş Assambleyası
tərəfindən 1956-cı ildən bütün dövlətlərə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan
və onların rifahının yüksəldilməsi, əmin-amanlığının təmin edilməsi ilə bağlı fəaliyyətin
genişlənməsinə yönəlmiş bayramdır.

Baş Assambleya öz qətnaməsində fərz edirdi ki, Ümumdünya Uşaqlar gününün
beynəlxalq səviyyəli bayram kimi qeyd edilməsi dünyada sülhün və sabitliyin, dövlətlər
arasında anlaşma və əməkdaşlığın, millətlər arasında dostluq və həmrəyliyin
möhkəmlənməsinə xidmət edəcəkdir. Amma yanılmış oldu…

Beynəlxalq təşkilatların dünya uşaqlarının yaşadığı fəciələri əks etdirən və internet
resurslarında yayımlanan illik hesabatları dəhşətli rəqəmləri ortaya qoyur.
Hər gün uşaqların təzyiq, cinsi zorakılıq və silahlı təcavüz təhlükəsi ilə qarşı-
qarşıya olduğunu vurğulayan BMT bu gün dünyada 720 milyon uşağın zorakılığa məruz
qaldığını bildirir. Hər bir dəqiqədə 12 uşaq, hər 5 saniyədə bir uşaq qarşısı alına biləcək
xəstəliklər səbəbindən həyatını itirir. Nəticədə bəşəriyyət 15 yaşdan aşağı təqribən 6,5
milyon uşağı itirmiş olur. Təcili tədbir görülməyəcəyi təqdirdə 5 yaşdan aşağı 56 milyon
uşaq 2030-cu ilədək dərman, içməli su, elektirik enerjisi və peyvəndə qovuşma
problemlərinə görə ölüm təhlükəsi ilə üzləşmiş olacaqdır.

UNICEF hər il dünyada 2,6 milyon körpənin anadan olduğu ilk bir ayda, bir milyon
körpənin elə anadan olduğu gün həyatla vidalaşdığını qeyd edir. Səbəb bəllidir: xəstəlik,
aclıq və müharibə şəraiti. Bəşəriyyətin üçüncü minilliyə qədəm qoyduğu dövrdə Norveç
kimi zəngin ölkədə hər 10 min nəfərə 218 həkim və tibb bacısı düşdüyü halda,
yoxsulluqdan əzab çəkən Somalidə bu göstəricinin 1-ə bərabər olması acınacaqlıdır.

Ümumbəşəri bəlaya çevrilmiş koronavirus (Сovid-19) pandemiyası isə 2020-ci ildə
yüz minlərlə uşağın ölümünə səbəb ola bilər. Yeni koronavirus növü uşaqlar üçün yaşlı
insanlara nisbətən daha az təhlükəli olsa da, bütün dünyanı bürümüş böhran gənc
nəslin rifahına ciddi təsir göstərəcək və onun sosial-iqtisadi nəticələri uzun müddət hiss
olunacaqdır. Bu ilin sonunadək artıq 60 milyonadək uşaq yoxsulluq həddini aşa bilər.
Hazırda 188 ölkədə 1,5 milyard yeniyetmə və gənc təhsildən kənar qalmışdır və onların
əksəriyyətinin məsafədən təhsil almaq imkanı yoxdur. Mütəxəssislər isə pandemiya
səbəbindən məcburi tətillərin uşaqların inkişafına necə təsir edəcəyini hələ də
qiymətləndirməmişlər.

“Azadlıqdan məhrum edilmiş uşaqlara dair qlobal BMT araşdırması“ adlı hesabatda
hər il dünyada 410 min yeniyetmə və gəncin həbs olunduğu, bir milyon uşağın isə polis
tərəfindən saxlanıldığı qeyd edilir. Hazırda 300 mindən çox oğlan və qız miqrant kimi
müxtəlif saxlanma müəssisələrində yaşayırlar. İnsan azadlıqları məhdudlaşdırılmış müxtəlif
növ müəssisələrdə 5,4 milyon uşaq saxlanılır, 35 min uşaq isə silahlı münaqişələrdə terror
təşkilatları və ya qiyamçı dəstələr tərəfindən istismar olunur.

Bu gün dünyada 1500-dən artıq
uşaq milli təhlükəsizlik və terrorizmə qarşı qanunvericilik əsasında həbsdədir. Cəzaçəkmə
müəssisələrində cəmiyyətdən təcrid olunmuş valideynləri ilə birlikdə yaşayan və bununla da
heç bir günahı olmadan azadlığı məhdudlaşan uşaqların sayı isə 19 min nəfərdir.
Bu rəqəmlərin bəşəriyyətin öz övladına bəslədiyi münasibəti əks etdirdiyini desək,
yanılmarıqmı? Günahsız uşaqların tələf olduqları dünyada ölənlərin yalnız uşaqlar deyil,
həm də insanlığın olduğu haqqında fikrin müdrikliyinə şübhə ola bilərmi? Əsla.

Beynəlxalq təşkilatların dünya uşaqlarının acınacaqlı taleyi ilə bağlı yalnız statistik
göstəriciləri və rəqəmləri çoxsaylı hesabatlarda işıqlandırmaqla, böyüyən nəslin işıqlı
gələcəyini şübhə altına qoyan faktları sadalamaqla, icrasına nəzarət mexanizmi mövcud
olmayan bəyannamələr qəbul etməklə kifayətlənməsi təəccüb doğurur. Bəlkə
beynəlxalq qurumlar Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondunun (UNİCEF)

tamamilə könüllü yardımlar hesabına fəaliyyət göstərdiyi səbəbdən bəşəriyyətin
gələcəyi olan uşaqlarla bağlı problemlərə könülsüz yanaşır?
BMT-nin Uşaq Hüquqları Bəyannaməsi 61 il, Uşaq Hüquqları Konvensiyası 31 il
bundan əvvəl qəbul edilmişdir. Bu illər ərzində bəşər əhlinin həyatına ciddi dəyişikliklər
az olmamışdır. Dünya yeni minilliyə qədəm qoymuş, yeni reallıqlarla üzləşmişdir.

Beynəlxalq birliyin ötən əsrdə qəbul etdiyi rəsmi sənədlər müasir tələblərə cavab verə
bilirmi? Uşaq hüquqlarının qorunmasına, onların hərtərəfli inkişafına diqqət yönəldən
əlamətdar günlərin (uşaqlarla bağlı rəsmi qaydada müəyyənləşmiş bayram günlərinin
sayı 50-ə yaxındır) təsis edilməsi, dünya ölkələri üzrə statistik məlumatları cəmləməklə
müvafiq mövzuda hesabatların hazırlanması, maarifləndirici tədbirlətin epizodik şəkildə
təşkili ilə dünya uşaqlarının sağlamlığı, təhsili, sosial durumu, əqli, fiziki və mədəni
inkişafı, taleyi və gələcək həyatı ilə bağlı təxirəsalınmaz problemlərin həlli
mümkündürmü?

Biz özümüz illərlə beynəlxalq qurumların uşaqların taleyinə laqeyd münasibətinin
canlı şahidi olmuşuq.
Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın müddətdə beynəlxalq
təşkilatlar, dünyanın Cenevrə Konvensiyasına və Uşaq Hüquqları haqqında BMT
Konvensiyasına qoşulmuş bir çox dövlətləri Ermənistanın dinc əhalini, o cümlədən
uşaqları atəşə tutmasına və qətlə yetirilməsinə göz yumublar. Hər bir uşağın yaşamaq
hüququnu təsbit edən Uşaq Hüquqları haqqında Konvensiyaya qoşulmuş bəzi ölkələr
ermənilərin işğalçılıq siyasətinə dəstək verməklə, bəziləri isə biganə qalıb susmaqla
üzərlərinə götürdükləri öhdəlikləri pozur, günahsız uşaqların öldürülməsinə göz yumur,
işğalçı dövlətin beynəlxalq səviyyədə cəzalandırılmasını tələb etmirlər. Bu halda uşaq
hüquqlqrının müdafiəsinə çağırışlar edən beynəlxalq qurumların özləri haqq və ədaləti
ayaq altına salmış olmurlarmı?

Qanlı tariximizin vərəqlərini çevirdikcə hər bir kəsi vahiməyə salan faktlar və
rəqəmlər niyə ikili standartlar virusuna yoluxmuş beynəlxalq aləmdə ağızdolusu insan
haqlarından danışan təşkilatların diqqətini çəkmir?
Hələ 1918-ci ildə Şamaxıda 1277, 1920-ci ildə Zəngəzurda 2196 azyaşlı uşağı
vəhşicəsinə qətlə yetirən və sivil dünyanın qınağına tuş gəlməyib cəzasız qalan erməni
daşnakları 1988-ci ildə Hamamlı (Spitak) şəhərində 17, Quqarkda 70-ə yaxın azyaşlı
uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etməklə qətlə yetirib, Sevan
şəhərində isə 22 nəfər azərbaycanlı uşağı su quyusuna ataraq boğublar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində 193
azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 uşaq girov
götürülüb. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakinin 63-ü,
yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Bu amansız soyqırımı zamanı 155 uşaq bir
və ya hər iki valideynini itirib. Ermənistan silahlıları tərəfindən 1992-ci il fevralın 17-də
törədilən Qaradağlı faciəsində isə səkkizi məktəbli olmaqla 91 nəfər dinc sakin qətlə
yetirilib, 146 uşaq yetim qalıb. Əsir götürülən 26 uşağın taleyi bu günədək məlum deyil.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından
qovulan bir milyondan artıq sakinin 300 mindən çoxu ömürlərinin ən qayğısız dövrü
müharibəyə qurban verilən uşaqlar idi.

Uşaqların hədəfə alınması və qətlə yetirilməsinin Ermənistanın yürütdüyü dövlət
terrorizm siyasətinin tərkib hissəsi olduğu ən yeni tariximizə Vətən Müharibəsi kimi
düşmüş İkinci Qarabağ savaşında bir daha sübuta yetirildi. Savaş meydanından 120
kilometr aralıda yerləşən Gəncədə yaşayış evlərinə, Bərdədə dinc əhalinin toplaşdığı
meydana, digər yaşayış məntəqələrinə ermənilər tərəfindən atılmış raket və mərmilər 11
uşağın həyatına son qoydu, 48 uşağı ağır yaraladı.

Dünyaya yenicə göz açmış körpəni hədəfə çevirmək insanlıqdan uzaq əməl, sözlə
ifadəsi mümkün olmayan vəhşilikdir. Bu vəhşiliyi yalnız dövləti terrorizmə yuvarlanmış
və soykökü bəlli olmayan xalqın psixi xəstəliyə düçar olmuş yırtıcı övladı törədə bilər.
Sağlam düşüncəli bəndə bəşəriyyətin gələcəyi olan məsum körpələrə əl qaldıra bilməz.

Bu reallıq beynəlxalq birliyə bəlli deyilmi? Bəllidirsə, niyə susur?
Yer üzündə hər bir uşağın diqqət və qayğıya ehtiyacı var. Əbəs yerə demirlər ki,
uşaq cənnətin qoxusunu aləmə yayan yeganə varlıq və ilahi əmanətdir. Onu əzizləmək,
qorumaq, nəvazişlə böyüdüb bəsləmək hər bir bəşər övladının borcudur. Mustafa
Kamal Atatürkün müdrik kəlamını unutmayaq: “Vətəni qorumaq uşaqları qorumaqla
başlayar”. Uşaqları qorumaq – həm də gələcəyi qorumaq deməkdir. Çünki hər bir
cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Qayğıya, şəfqətə daim ehtiyac
duyan uşaqların qorunması, onların hüquqlarının təmin edilməsi, layiqli vətəndaş kimi
yetişdirilməsi dövlətin başlıca sosial məsuliyyətidir.

Ölkəmizdə uşaqlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. “Mən
həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə
görürəm”, – deyən Ulu öndər Heydər Əliyev ölkəmizdə dövlət uşaq siyasətinin əsasını
qoymuş, bu sahədə zəngin qanunvericilik bazasının yaradılmasını təmin etmişdir. Dahi
şəxsiyyətin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə,
böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” –
müdrik kəlamı bu siyasətin məqsəd və məramını parlaq şəkildə ifadə edir.

Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son dövrdə ölkəmizdə uşaq
problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, vahid dövlət
uşaq siyasətinin gerçəkləşməsi istiqamətində uğurlu addımlar atılmış, uşaq hüquqlarının
etibarlı təminat mexanizmləri yaradılmışdır. Bu gün uşaqların sağlam böyümələrinə,
düzgün tərbiyə olunmaları və hərtərəfli təhsil almalarına dövlət səviyyəsində diqqət
yetirilir. Çünki uşaq dövlətin gələcəyi, onun sabahkı insan kapitalıdır. Övladlarımızın
layiqli vətəndaş kimi böyüməsi və cəmiyyətdə fəal mövqe tutması üçün Azərbaycan
dövləti kifayət qədər geniş imkan və münbit şərait yaratmışdır.

İşıqlı sabaha elçilərimiz olan uşaqlara həssas münasibət, diqqət və qayğı təkcə
dövlətin üzərinə düşən vəzifə deyil. Hər birimiz cəmiyyətin ən kövrək, həssas təbəqəsi
olan körpələrin fiziki və mənəvi baxımdan sağlam böyümələri, ölkənin layiqli vətəndaşı
və cəmiyyətin fəal üzvü olmaları üçün səy göstərməliyik. Uşaqları yüksək əxlaq və
zəngin bilik sahibləri kimi yetişdirmək, faydalı fəaliyyətə hazırlamaq, onlara ümumbəşəri
və milli-mənəvi dəyərləri, vətənpərvərlik ruhunu aşılamaq hamımızın borcudur. Çünki
uşaqlar təkcə bir ailənin deyil, bütöv bir millətin ən dəyərli sərvəti, doğma Vətənin ümid
bəslədiyi sevimli övladlarıdır.

Gəlin hamılıqla uşaqlarımızı qoruyaq. Onlara sevinc hissini doğmalaşdırıb, kədər
hissini yadlaşdırmağa çalışaq. Onların nazını çəkməkdən, ardı-arası kəsilməyən “Niyə?
Nə üçün?” suallarını cavablandırmaqdan yorulmayaq. Unutmayaq ki, gələcəyimiz
bizimlə ünsiyyəti uşaqların dili ilə qurur.

Oktay Səmədov,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Şərh yoxdur

şərhini yaz