a
Hava:
17 C
clear sky
Baku
humidity: 67%
wind: 2 m/s N
H17 • L17
HomeQadın və ictimaiyyətBu günümüzün qadınları“Ən böyük uğurum insanların üzündə gördüyüm sevinc, məmnuniyyətdir” deyən zərif qəlbli Zərifə  Quliyeva

“Ən böyük uğurum insanların üzündə gördüyüm sevinc, məmnuniyyətdir” deyən zərif qəlbli Zərifə  Quliyeva

Tanrı insan yaratdi. İnsanı ikiyə böldü – kişi yaratdı, qadın yaratdı. Onlara  qaş qoydu, göz çəkdi, qəlb verdi, bir də amal verdi, məqsəd verdi. Kişini əzmkar yaratdi, vəhşi yaratdı, məğrur yaratdi, dözümlü, ötkəm, cəsur yaratdı. Qadını incə yaratdı.  Ona zəriflik verdi, nazlı yaratdı. Bol əllə verdi qadına mərhəməti, sevgini,  qayğıkeşliyi, isməti, iffəti, bir də ən müqəddəs  eşqi…

   Qadına gözəl olan bütün  nemətləri bəxş etdi.  Hətta kişidən 9 ay çox verdi səbri, dəyanəti, mənəvi gücü, gözəlliyi və birdə ğzündən sonrakı yaratmaq, dünyaya gətirmək qüdrətini… Bax, qadın əzəməti, qadın müqəddəsliyi də bu 9 aydan başladı…Tanrı qadın yaratdı, qadın isə  dünyanı.  Dünən də bu gün də, sabah da qadın yaradacaq, yaşadacaq, quracaq.

Günümüzü  quran qadınlarını saymaqla bitməz. Onlar, elm, siyasət, ədəbiyyat, tibb, ümumilikdə tərəqqi qalasına  hər gün yeni bir kərpic qoyub, Azərbaycan adlı müqəddəs məmləkəti ucaya qaldırmaqdadılar.

İstər siyasətdə, istər cəmiyyətdə, istər öz öhdəsində olan müxtəlif vəzifələrdə sözünü deməyi, gördüyü işlərə özünəməxsus imasını qoymağı bacaran belə qadınlarından biri,  Zərifə xanım Quliyeva bu  gün Umayclub. com qadın saytının qonağıdır. Zərifə  Rzaqulu qızı Quliyevanın həyat və yaradıcılıq dövrü rəngarəng,  məhsuldar, bir o qədər də keşməkeşlidir. Gəlin əvvəlcə onun özü haqqında qısaca məlumatlanaq. Sonra isə dəyərli xanımı öz dilindən tanıyaq. 

Quliyeva Zərifə Rzaqulu qızı 13 fevral 1952-ci ildə Azərbaycan SSR-nin Balakən rayonunda anadan olmuşdur. 1976-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirmişdir.

İlk əmək fəaliyyətinə 1975-ci ildə Bakı şəhər 5 saylı kliniki xəstəxanasında qəbul şöbəsində həkim işləməklə başlayan Zərifə xanım 1990-1993-cü illərdə mənfur erməni işğalçılarına qarşı Qarabağ müharibəsi dövründə atəşkəs imzalanana qədər on millərlə insana qan yardımı proqramını təşkil etmiş, bu işin Qanköçürmə İnstitutu tərəfindən yerinə yetirilməsinə nail olmuşdur.

     Zərifə Rzaqulu  qızı Quliyeva 2005-ci ildə “Təhsil” nəşriyyatı tərəfindən “Ömrün son baharı” adlı ilk kitabı, 2006-cı ildə həmin nəşriyyat tərəfindən “Sənsiz səninlə” adlı ikinci kitabı, 2008-ci ildə “Son ümidim” adlı üçüncü kitabı, 2010-cu ildə “Naksiana” nəşriyyatı tərəfindən “Tale yazısı” adlı dördüncü kitabı, 2011-ci ildə “Sabah” nəşriyyatı tərəfindən “Nicat günü” adlı beşinci kitabı çapdan çıxmışdır. “İlin kitabı” nominasiyasının anket sorğularının nəticələrinə görə Z.R.Quliyevanın müəllifi olduğu “Ömrün son baharı” kitabı Simurq Milli Mükafat Fondunun 2006-cı il “Baharın uğur çələngi” müsabiqəsi laureatının ali dərəcəli diplomuna layiq görülmüşdür.

Z.R.Quliyeva bir çox mükafat və diplomlarla yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mart 2017-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

-Zərifə xanım,  uşaqlıq arzunuz nə idi? Sizi  özünə çəkən  hansı peşə olub?

-Mənim uşaqlıq dünyamı bir çox arzular bəzəyirdi, o arzulardan biri də böyüyəndə jurnalist olmaq  idi. Məktəb dövründə sevimli müəllimlərim vardı, onların qabağına qaçar, əlimdə qələm müəllimlərimə suallar verərdim. Ədəbiyyata, bədii kitablara xüsusi həvəsim vardı. Lakin tale belə getirdi ki, mən Tibb Universitetini bitirdim və həkim oldum…

Sonralar, yəni sovet dönəmində komsomol xətti ilə fərqli işlərdə, müxtəlif vəzifələrdə fəaliyyət göstərməyə başladım. O vaxtkı Rayon partiyasında ideoloji şöbə müdiri vəzifəsində işlədim və müavin vəzifəsinə qədər yüksəldim.  Daha sonra mən öz ixtisasıma, həkimlik peşəmə  qayıtdım. Burda da uzun müddət rəhbər işdə işlədim. Yəni baş həkim olaraq.  Bilirsiniz, mənim həyatda əsas missiyam o olub ki,  mübariz olmaq. Çətinliklərə düşdükdə orda batmamaq, taleyə boyun əyib vəziyyətlə barışmamaq, əksinə oradan çıxmaq lazımdır. İnsan bataqlıqdan belə özünə yol tapıb çıxmalıdır. Mən du keşməkeşli həyat yolunu mübariz olaraq addımladım. Bu mənim canımda, qanımdadır. Düşünürəm ki, bu mübarizlik, əzm, dəyanət mənə valideynlərimdən gəlib. Hətta deyərdim ki, irsidir. Bizim nəslimiz də də belə qadınlar olub. Onlar mübariz xanımlar idi. İnsanda bir xüsusiyyət olmalıdır, görüb-götürmək, öyrənmək. Axı, bu dünya gör-götur dünyasıdır. Gördüyündən müsbəti, düzü, doğrunu götürmək, qalanları isə atmaq lazımdır. Yıxıldıqda belə ondan dərs çıxartmalı, ancaq irəliləməlidir insan.  Bu zaman o insan istədiyinə də, məqsədinə də çata bilər.

 – Hər insanın həyatında bir ideyalı, bir örnək aldığı şəxsiyyət və ya şəxsiyyətlər olub, sizin həyatınızda örnək aldığınız insan kim olub?

– Bəli,  mənim də gənc olarkən  idealım, pərəstiş etdiyim şəxsiyyətlər olub. Bunlardan biri də böyük akademikimiz Zərifə Əliyeva, tanınmış oftalmoloq-alim, əsl şəxsiyyət idi. Sovet İttifaqı dövründə  necə ki,  hazırki məlum  xəstəlik covid 19 bütün dünyanı lərzə gətirdi, o zaman da az qala bunun kimi vacib bir xəstəlik – qlakoma adlı göz xəstəliyi, (korluq) var idi. Rayonlardan bu xəstəliklə bağlı onlarla insan üz tutub paytaxta gəlirdi. Bax bu cür çətin, bir o qədər ciddi bir xəstəliyin qarşısını Zərifə xanım aldı. İlk olaraq sovet dövründə Aver box mükafatını qadın olaraq akademik Zərifə xanım Əliyeva almışdır. Mən baxırdım və ondan çox şey götürürdüm.  O, qadınları hər zaman qoruyur, onların qayğısına qalırdı. Bilindiyi kimi qlakoma xəstəliyi ən çox qadınlarda rast gəlinirdi. Zərifə xanım ona gələ bilməyən xəstələrə, rayonlara gedərdi. Öz briqadası, labarotoriyasını aparan Zərifə xanım  orada müalicələr edər, əməliyyatlar aparar,  bir növ  onlara nur paylayardı.

–Bu gün müasir dövrümüzdə informasiya bolluğu içərisindəyik.  Məlum olduğu kimi internet aləmi, sosial şəbəkələr, onlarla dövri mətbuat, televiziya və radio və s. Bu əlbəttə sevindirici haldır, ancaq, bütün bunlarla yanaşı insanları narazı salan məqamlar da var. Sizi bir ziyalı xanım və siyasi xadim kimi nələr narahat edir?

– Mən işgüzar səfərlər zamanı dünyanın müxtəlif ölkələrində oluram. Sevindirici haldır ki, o xalqların bizim televiziya kanallarına baxdıqlarının şahidi oluram. Əlbəttə bu məni sevindirir, qürurlandırır. Onlar bizim mədəniyyətimizi, tariximizi, dilimizi, bütövlükdə bizi tanıyırlar. Ancaq bəzən görürsən ki, efirə bir qadın və ya ailə çıxarıblar. Studiyanın qonağıdır. Onun əyninin baxımsız görkəmi, efirdəki dava, onların yüksək tonla çığırmaları, ağlamaları və s. mənfi hallar  məni çox narahat edir.  Bəzən görürsən ki, hətta onu ictimai qınağa tuş ediblər. Auditoriya və ya tamaşaçı onu qınayır, tənbeh edir, o isə ya özünü müdafiə edir, ya ağlayır və s. Axı başqa millətlər bizi niyə belə tanımalıdır.  Bizə qiymət də, dəyər də verilir  bu mənzərə ilə. Bizim televiziya kanalları qadınları belə acınacaqlı göstərməməlidir. Həmin insanlarla birgə iş aparmaq lazımdır. Onlara öz hüquqlarını  öyrətmək lazımdır. Əlbəttə hamı oxuya bilməz axı. Təhsilsiz insanlara yol göstərmək, kömək etmək lazımdır. Amma  ictimai qınağa çevirib, Azərbaycan qadınını cılızlaşdırmaq olmaz.  Ola bilər ki, o insan öz  hüququnu bilmir, təfəkkürü yoxdur, uşaq yaşlardan ailə onu oxutmayıb və s. Bu insanları qınaq obyektinə çevirmək,  onları teleefirlərdə bu tərzdə nümayiş etdirmək doğru deyil. Bir sözlə mən istərdim ki, televiziya kanalları bizim qadınlarımızı cəmiyyətə acınacaqlı təqdim etməsinlər.

– Zərifə xanım Azərbaycan qadınını necə görür?

-Bizim qadınlarımız aciz deyil, əksinə, mübarizdir. Baxın Azərbaycan Respublikasının Milli Məclisinə, nə qədər qadın  siyasi xadimlər var. Baş qanunverici orqanımıza nəzər yetirək, nə qədər savadlı, işinin öhdəsindən layiqincə gələ bilən qadınlarımız var. Qadın siyasəti bizim ölkəmizdə hər zaman prioritet olub. Ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan qadınına diqqət yetirib, xüsusi qayğı göstərib. O hər zaman , ictimaiyyətdə, siyasətdə qadınları irəli çəkib. Ulu öndərin siyasətini uğurla davam etdirən  möhtərəm prezidentimiz İlham Əliyevin də qadınlarla bağlı həyata keçirdiyi siyasət təqdirə layiqdir. Bu gün Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Azərbaycan qadınına olan qayğısını, diqqətini müşahidə edirik.  Mehriban xanım Əliyeva Azərbaycan qadını üçün ən gözəl örnəkdir. Çünki onun apardığı ideoloji dərs, ideologiya hər bir xanım üçün stimuldur, nümunədir. Mehriban xanım mükəmməl bir xanım, mükəmməl bir ana, uğurlu bir siyasətçi, uğurlu bir vətəndaşdır.  Bütün dünya  bilir ki,  Azərbaycanın  Zərifə xanım Əliyeva,  Aida İmanquliyeva və s. kimi elmdə, tibbdə, siyasətdə öz sözünü dünyaya çatdıran qadınlarımız olub və bu gün də var. Dünyanın müxtəlif ölkələrində müxtəlif  beynəlxalq tədbirlərdə Azərbaycan bayrağını zirvələrə qaldıran, Azərbaycan himnini neçə-neçə dövlətlərdə səsləndirən qadınlarımız var. Biz bu qadınlarımızla fəxr edirik, qürur duyuruq.  

– Zərifə xanım Azərbaycanın nüfuz qazanmış ziyalı, mübariz qadını olaraq cəmiyyətdə tanınır, sevilir, qəbul edilir. Özünüz və keçirdiyiniz ömür yolu haqqında nə deyə bilərsiniz?

 Mənim həyatım enişli-yoxuşlu, keşməkeşli olub.  Uğurlarla yanaşı,  imtahanlarım da  az olmadı. Bəzən yoluma daş qoyub kəsmək istəyənlər də gördüm… Amma tanrıdan çox razıyam, yoluma daim işıq tutub.  Düşəndə belə əlimdən tutan ilahi qüvvəni hər zaman hiss etdim. Allah heç vaxt haqqı nahaqqa vermir.  Uşaqlığımda anamın dərk edə bilmədiyim, indi isə tez-tez həyatın mənə xatırlatdığı bir sözü vardı. Anam deyərdi ki, dünyanın quyruğu uzundur. Mən düşürdüm ki, axı bu nə deməkdir. Bir gün ona süal verdim ki, ay ana, dünyanın quyruğu necə uzun ola bilər? Anam mənə cavab verdi ki, Zərifə, qızım, sən yaşa və həyatı boyu görəcəksən ki, mən bu sözü niyə deyirmişəm. İnanırsızmı, mən indi o sözü o qədər tez-tez  xatırlayıram ki.  Həqiqətən dünyanın quyruğu uzun imiş.  Ən böyük ədalət elə  ilahi ədalət imiş… Bilirsiniz, həyat bumeranqdır.  Hər bir insanın uğuru onun düşüncəsində yaşayır. Duşüncən, arzun şəffaf olmalıdır. Bəzən hər hansı bir tanımadığım insanın uğurunu eşidirəm, sevinirəm. Azərbaycanın ən ucqar nöqtəsində, bir dağ kəndində bir şagird yüksək bal toplayıb, ali məktəblərə qəbul olur – sevinirəm, qəlbim iftixar hissi ilə dolur. Düşünürəm ki,  Azəraycanıma yeni bir aydın, ziyalı insan gəlir.  Bilirəm ki, bu insan müəyyən zaman sonra dövlətimə layiqli vətəndaş olacaq.   O uşaq onun, sənin, mənim deyil, bizimdir. Azərbaycanın hər uğurlu gənci də bizimdir, uğurumuzdur, fəxrimizdir. Mən düşünmədən deyirəm ki,  hər bir azərbaycanlının uğuru uğurumdur, kədəri kədərimdir. Qoy mənim məmləkətim mübariz insanlarla dolsun.  Mən öz növəmdə bir məsul dövlət qulluqçusu kimi, bir ziyalı vətəndaş kimi həyatımın hər dönəmində uğura gedən insanlara əl tutmuşam, köməklik göstərmişəm. Bəzən adi bir məsləhətim, tövsiyəmlə, bəzən mükün olduğu qədər maddi , mənəvi dəstəyimi əsirgəməmişəm. Düşünürəm ki, bütün ən böyük qazancım elə budur. Kiminsə duasını, təşəkkürünü almaq qədər gozəl nə ola bilər ki?.. Əl tutub, dəstək olduğum, səbəb olduğum uğurlar qədər məni heç nə məmnun edə bilməz.

Zərifə xanım, bilindiyi kimi siz YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi YAP  təşkilatı idarə heyətinin üzvü, “Modern ailə və İnkişaf” İctimai Birliyinin sədrisiniz.  Bu ğündə sizin təşkilat nə kimi işlər görür?

Təqribən 7-8 il öncə möhtərəm prezidentimiz böyük bir konfransda çıxış edirdi, mən onun çıxışından bəhrələnib “Modern ailə və inkişaf” adlı təşkilatı yaratdım. Tez-tez   gənc nəslin nümayəndələri –  tələbələrlə, yaşlı nəsil –  alim, professor, akademik və s. ziyalılarımızla birgə görüşlərimiz, tədbirlərimiz   olur.  Hər bir ziyalı öz həyatından, keçdiyi  yoldan danışır. Bu da  tələbələrə, gənclərə  həyatda düzgün addım atmağa yardım edir. Əlbəttə, bizim modern ailə institutunun isini genişləndirmək lazımdır. Ailələr möhkəmləndirilməlidir. Statistikaya baxdıqda bəzən görürsən ki, vəziyyət ürəkaçan deyil. Boşanmaların sayı artır. Sosial şəbəkələrdə vaxt keçirən gənclərimiz, ailəli insanlarımız var. Kiməsə yazırlar, danışırlar, nəticədə bu da ailənin dağılmasına səbəb olur. Bütün bunların qarşısı alınmalıdır. Bu tək bir cəmiyyətlə deyil, kütləvi şəkildə bərabərliklə görüləcək işlərdir. Siz Umay qadın saytına da məsləhət görərdim ki, bu məsələlərə geniş yer ayırasınız. Bundan başqa, bu məsələlər televiziyalarda da  geniş müzakirə olunmalıdır.

Zərifə xanım, gördüyünüz işləri bilirik.  Xalq üçün, qadınlarımız üçün etdikləriniz hər zaman təqdirəlayiqdir. Bundan sonrakı planlarınız haqqında məlumat vermək istərdinizmi?

 

– Mənə valideynlərimdən  irsi olaraq keçən bir dəyər var. Bu xeyirxahlıq, yardımsevərlilikdir. Bundan sonra da məqsədim yalnız insanlara kömək etməkdir. Nə qədər ömrüm var, insanlara, ehtiyacı olanlara kömək edəcəm, onların yanında olacam. Bu mənin həyat amalımdır.  Əgər bir insanı sevindirə bilirsənsə, ehtiyacı olduğu halda onun yanındadsansa, bir insanın üzünün gülməyinə səbəb ola bilirsənsə, nə xoş o insanın halına… Allah bu sevgini, bu dəyəri bizə çox görməsin.

-Zərifə xanım, bir çoxumuza məlumdur ki, siz həm də  şəxsi hesabınıza yardımlar  edirsiniz. Etdiyiniz bu yardımların qarşılığını necə görmüsünüz?

-Bilirsiniz, yaxşılıq o zaman yaxsılıqdır ki, onun kökündə təmənna yoxdur. Mən heç vaxt hər hansı şəxsə, cəmiyyət və qurumlara etdiyim şəxsi dəstəyimə görə, heç vaxt qrand s. götürmürəm. Mən xoşlamıram gedib hesabat verim. Dəfələrlə olub ki, öz pensiyamı götürüb ürəklə  yardımlar etmişəm. Mən hər zaman bu günü düsünməmişəm, mən zamanın hər anını düşünmüşəm. Üzümü o imkanlı şəxslərə tutub deyirəm ki, bu dünyadan gedərkən heç kim, heç nə aparmayacaq, aldıqlarınız, yığdıqlarınız, evləriniz sizə qalmayacaq. Heç hələ bəlli deyil ki, kim bu dünyadan köç edərkən ona o ağ kəfəni geyinib rahat qismət olacaqmı, ya yox.  Etdiklərimiz bizimdir, yığdıqlarımız yox. Qəlbimizi zənginləşdirək, cibimizi deyil. Bax bu məlum, qlobal pandemiya bizə çox şeyi başa salmalı idi və fikrimcə saldı.

-Böyük tədbirlər keçirdiyinizi qeyd etdiniz. Tədbirlər zamanı həmdə humanitar yardımlar da edirsiniz. Bu yöndə bizləri məlumatlandıra bilirsinizmi?

Mənim humanitar işlərdə də məqsədlərim, amallarım və təşəbbüslərim var. Mən Azərbaycanımızın şanlı səhifələrə həkk olmuş əlamətdar günlərdə, 20 Yanvar Ümumilli Hüzn Günündə, Xocalı soyqırımının ildönümü münasibəti ilə şəhid ailələrinə və qazilərimizə, Çernobl hadisələri veteranları ( artıq onlar az saydadır və müəyyən mənada onların maddi- mənəvi köməyə ehtiyacları var) xüsusi diqqət göstərir onlara yardımlar edirəm. Sadaladığım günlər və milli bayramlarımıza bağlı bu tədbirlər keçirdikdə bax bu insanlar mütləq mənim diqqətimdədir. Onlar bu tədbirlərdə iştirak edir. Onlara bizim cəmiyyətimiz tərəfindən  ayrılmış yardımları qəbul edirlər.  Qeyd etdiyimi kimi  “Modern İnkişaf və  Ailə”  cəmiyyətimizin xətti ilə çox böyük, uğurlu yardımlar göstəririk. Mən hər il Ulu öndərimizin doğum və anım günlərini qeyd edirəm. Bu yöndə tədbirlər keçirir, yardımlar göstəririk. Bütün bunlar mənim həyatda ideallarım, məqsədlərimdir. Məqsədim isə ehticı olanla vətəndaşlara əl uzatmaqla yanaşı tarixin bu kimi xüsusi günlərini unutdurmamaqdır. Bir haşiyəyə çıxaraq qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyev  dünya tarixinin tək bir siyasətçisidur ki, dünya onu tanıyır. O fikrincə dünyada birinci siyasətçidir ki, onu Afrika da qəbul edir, Amerika da, Avropa da qəbul edir, yəni dünya tarixində o qədər prezidentlər olub ki, ancaq bir tək o bir nömrəli siyasətçi kimi qəbul olunub.

– Sevindirici haldır ki, siz eyni zamanda həm də “Sahibkar Qadınlar Assosasiyanın İdarə Heyəti” nin üzvüsünüz. Bu haqda nə deyə bilərsiniz?

-Mən bildiyiniz kimi, Sahibkar Qadınlar Assosasiyanın İdarə Heyətinin üzvüyəm. Bu Səkınə xanımın rəhbərliyi altında olan Assosiasiyadır. Qeyd etmək istərdim ki, Səkınə xanım özü çox ziyalı, mübariz, uğurlu bir xanımdır. Mən Səkınə xanımı neçə illərdir tanıyıram. Qarşısına məqsəd qoyub məqsədinə çatan qadındır. Onun da həyatında əlbəttə, enişli-yoxuşlu günlər olubdur, amma o bütün bunlardan üzüag, alnıaçıq şəkildə çıxıbdır. Yəni mən onu bir işgüzar, məqsədli, ləyaqətli, sədaqətli, etibarlı və sözünün sahibi bir qadın kimi tanıyıram.  Mən bu seçimi alqışlayıram. Assosiasiya yaranan zaman, biləndə ki,  Səkınə xanım sədrlik edəcək, çox sevindim. Çünki bilirdim ki, o zaman AQSİA çox sayda uğur əldə edəcək. Sevindiricidir ki, AQSİA-nın İdarə Heyətinin üzvləri, eləcə də digər bir çox üzvləri mübariz, işini bilən, cəmiyyətdə özünü təsdiq edən xanımlardır. Azərbaycan qadınının uğurları məni çox sevindirir. Hər bir qadının uğuru mənim üçün qürurdur.  Əksər insanları – ziyalı, mübariz, cəsarətli, peşəsini yaxşı mənimsəyən qadınları tanıyıram. Sevindiricidir ki, AQSİA-da cəmiyyətdə özünü təsdiq etmiş simalar çoxdur. Əməkdar jurnalist Mətanət Ağamirli, dizayner-modelyer Gülnarə Xəlilova, tanınmış sahibkar xanım Pərvanə İsgəndərova və  bir çox başqaları Assosiasiyanın uğurlu simalarındandır.   Yeri gəlmişkən, məlum pandemiya dönəmində, elə hazırkı böyük Vətən müharibəsində də AQSİA sədrimiz Səkinə xanım başda olmaqla təşkilatın bütün üzvləri bu məsələlərə yüksək həssaslıq göstərdilər. İnsanlardan dəstəklərini əsirgəmədilər. Assosiasiya hər bir müraciətə diqqət, qayğı göstərir deyə bilərəm. Bu məsələdə  həm də qadın, ana incəliyii faktoru var…

-Zərifə xanım, bu günün  Azərbaycan qadınına nə demək istərdiniz, tövsiyyələriniz nə olardı?

-İstərdim ki, gənc xanımlarımız müasirləşsin, lakin keçmiş  ənənəmizi, xanımlığımızı, dəyərimizi itirmədən müasir olsun. Mən Azərbaycan qadınını müasir, təhsilli, sədaqətli, ləyaqətli, mübariz, düşdüyü çətin mühitdən çıxanmaq bacarıqlı görmək istərdim. Cəmiyyətimizi çirkinləşdirmək olmaz. Keçmişimizə sahib çıxaq, ancaq tərəqqiyə, işığa doğru  addımlayaq. Bir də bütün qadınlara sevgi arzulayırm. Istərdim ki, qadınlarımızın ürəyi hər zaman  sözün əsl mənasında sevgi ilə döyünsün.

-Zərifə xanım, Umay Qadın saytına arzu və düşüncələrnizi bilmək istərdik.

-düşünürəm ki, belə bir qadın saytı yaratmaqla gözəl təşəbbüs irəli sürmüsünüz.  Çox gözəl ki, keçmişin, bu günün seçilmişlərini – qəhrəman, ziyalı qadınlarını tanıdırsınız, təbliğ edirsiniz. Bu sizin vətənpərvərliyinizdən, peşənizə bağlılığınızdan xəbər verir. Azərbaycanımızın hər nöqtəsində,  hər sahəsində uğurla fəaliyyət göstərən qadınları alqışlayıram. Umay saytı olaraq sizə və sizin vasitənizlə bütün qadınlarımıza tükənməz uğurlar  arzulayıram.

Biz də Umayclub. com  olaraq fəxrlə haqqında yazdığımız günümüzün uğurlu, işıqlı qadını olan Zərifə xanım Quliyevaya təşəkkür edir, onun qəlbindən aldığımız o nurdan hər bir oxucuya pay ayırırıq.

Aynur Turan

 

 

 

 

Şərh yoxdur

şərhini yaz